Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində İran tankerinin neft daşımasının qarşısını almaq cəhdi ilə bağlı iddiaları rəsmən təkzib edib.
Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü Con Kirbi İran tərəfinin iddiasının yalan olduğunu deyib.
“Bu iddialar tamamilə yalan və aldadıcıdır. ABŞ Hərbi Dəniz Qüvvələri heç bir şeyin qarşısını almaq üçün cəhd etməyib”, - Con Kirbi bildirib.
Onun sözlərinə görə, oktyabrın 24-də ABŞ Hərbi Dəniz Qüvvələri İran qüvvələrinin Oman körfəzinin beynəlxalq sularında üzən bir ticarət gəmisinin göyərtəsinə qeyri-qanuni daxil olmasını və ələ keçirməsini aşkarlayıb.
Bundan əvvəl İran mediası ABŞ hərbi gəmilərinin neft daşıyan İran tankerini dayandırdığını iddia edib. İran tərəfi ABŞ hərbçilərinin hücum zamanı bir neçə döyüş helikopteri və gəmisindən istifadə etdiyini də dilə gətirib.