Liviyanın devrilən və öldürülən lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi ölkədə dekabrın 24-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.
Teleqraf.com xatırladır ki, Seyfülislam Qəddafi 2011-ci ildə ölkəsinin cənubunda üsyançılar tərəfindən yaxalanıb və 6 il həbsdə saxlanıldıqdan sonra 2017-ci ildə azadlığa buraxılıb.
Qəddafinin 9 oğlundan ikincisi olan Seyfülislam atasının dövründə Liviya hakimiyyətində rəsmən təmsil olunmasa da, arxa səhnədə ölkənin ən təsirli fiqurlarından biri və Qəddafinin varisi kimi qəbul olunurdu.
Qeyd edək ki, dekabrın 24-də Liviyada 2011-ci ildən bu yana ilk dəfə olaraq prezident və bələdiyyə seçkiləri keçiriləcək.
Tviterdə paylaşılan videoda Seyfulislam Qəddafinin “2021-ci il prezident seçkiləri” sözləri yazılmış bəzi kağızları imzaladığı görünür.
Milli geyimi ilə prezidentliyə namizədliyini açıqlayan Qəddafi Qurandan sitat gətirərək, “İnanmayanlar buna nifrət etsə də, Allah həmişə onun məqsədinə qalib gəlir” deyib.