“200 minlik qoşunla hücuma, aviasiya və raket zərbələrinə baxmayaraq güclü rus ordusu mifi Ukraynada fiaskoya uğrayır, dağılır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Rusiyanın Ukrayna ilə bağlı işğal planının istədiyi kimi alınmadığını bildirib:
“Rusiya ordusu Ukraynaya genişmiqyaslı hücum etməsinə baxmayaraq, bu saata kimi istəyinə nail ola bilmir. Bunun əsas səbəbi rus quru qoşunlarının Ukrayna əsgərləri ilə açıq döyüşdə məğlub olmasıdır. Ümumiyyətlə, Rusiyanın quru qoşunları üzbəzüz döyüşə bilmir.
Rusiyanın aviasiya və raket zərbərlərinə baxmayaraq poliqonda məğlubiyyətə uğrayır. Qənaətimə görə, son 48 saat ərzində Rusiya rəhbərliyi istəyinə nail olmasa, quru qoşunları ciddi itki verəcək və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara gedə bilər. Təbii ki, raket və aviazərbələr Ukrayna rəhbərliyini də danışıqlar masası arxasına əyləşməyə tələsdirir.
Göründüyü kimi 200 minlik qoşunla hücuma, avsiasiya və raket zərbələrinə baxmayaraq güclü rus ordusu mifi Ukraynada fiaskoya uğrayır, dağılır. Halbuki Putin Kiyevi 12 saata ələ keçirəcəklərini düşünürdü. Rusiyanın ordu birliklərinin Kiyevə hücumları davam etdirməsi də bundan xəbər verir. Görünən budur ki, elə əvvəldən məqsəd Kiyevi tutmaq olub”.