1 Aprel 2022 14:52
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi böhran səbəbindən gərginliyin getdikcə artdığı Şri-Lankada ötən gecə yüzlərlə insan prezident Qotabaya Rajapaksanın şəxsi iqamətgahına hücum edib.

Teleqraf.com xəbər verir ki, qəzəbli kütlə dünən gecə paytaxt Kolomboda prezidentin evinə soxulmağa çalışarkən, polis gözyaşardıcı qaz tətbiq edib, ən azı 45 nəfəri saxlayıb.

Hadisələrdən sonra axşam saatlarında şəhərdə komendant saatı elan edilib.

Polis bəyan edib ki, nümayişçilər ölkədə anarxiya yaratmağa çalışan mütəşəkkil ekstremistlərdir.

Şri-Lankada uzun müddətdir davam edən yaşam çətinliyi və yanacaq çatışmazlığı əvvəllər də etirazlara səbəb olub. Gündə 13 saata çatan elektrik kəsintiləri səbəbindən hökumət küçə işıqlarını söndürmək, birjada ticarət saatlarını azaltmaq və xəstəxanada təcili olmayan əməliyyatları dayandırmaq kimi bir sıra fövqəladə tədbirlər həyata keçirdi.

7,3 milyard dollar borcu olan Şri-Lankanın müflis həddə yaxınlaşır.


Müəllif: Nemət