2 May 2022 09:24
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) “12 ayda 12 müsahibə - Qondarma erməni soyqırımı haqqında həqiqətlər” layihəsinin qonağı türk akademik Ömər Lütfü Taşcıoğludur.

Teleqraf.com onun TASFO rəhbəri Fatih Özonura müsahibəsini ixtisarla təqdim edir:

- 1915-ci ildə ermənilərin “soyqırımı”, türklərin isə “köçürmə” adlandırdıqları hadisələr barədə məlumat verə bilərsinizmi?

- Kazım Mirşan, Sərvət Somuncuoğlu, Herman Veri və İsmayıl Yalçının təsbitlərinə görə, türklərin Anadoludakı varlığı 16 min il əvvələ aiddir. Yəni 1071-ci il türklərin Anadoluya ilk gəlişi yox, son gəlişi tarixidir. Əcnəbi araşdırmaçı və elm adamları da bildirirlər ki, son illərdə Göbəklitəpədə üzə çıxarılan tarixi əsərlər türklərin 11 min il əvvəl Anadoluda sivilizasiya qurduğunu sübut edir. Keğam Kerovpyan, Rafael İşxanyan və Panos Dabağyan kimi erməni tarixçilər isə iddia edirlər ki, ermənilərin Anadoluya gəlişi e.ə. 149-cu ildən başlayıb. Hətta bunu e.ə. 2265-ci ilədək – “Nuh tufanı”na qədər aparanlar var. Amma məlumdur ki, ermənilər tarixin heç bir dövründə müstəqil dövlət qurmayıblar. Onlar müvafiq olaraq Makedoniyalı İsgəndərin, Parfiyanın, Ərəb Xilafətinin, İranın, Bizansın, Səlcuq Dövləti və Osmanlı İmperiyasının hakimiyyəti altında yaşayıblar. Bu səbəbdən də ermənilərin “Anadolunun ilk sahibləri” olduqlarına dair iddiaları fakta əsaslanmır.

Yeri gəlmişkən, erməni tarixindən yazan qərb müəlliflərindən biri olan Ogüst Karrer bəzi fransız və erməni tarixçilərinin erməni tarixi ilə bağlı məlumatlarının uydurma olduğunu, ermənilərin nə xronologiyaya, nə də tarixi prinsiplərə hörmət etdiklərini bildirir.

Türk-erməni əlaqələrinə gəldikdə, urfalı erməni tarixçisi Mateos Bizans və Səlcuq hakimiyyətləri altındakı erməni həyatını dəyərləndirərkən, türklər haqqında yüksək sözlər söyləyir və “Fahişə bizanslılar bizi yurdumuzdan qovdular, türklər isə bizi qucaqladılar” deyir. Səlcuq dövründə ermənilərə qarşı mehriban münasibət Osmanlı İmperiyası dövründə də davam etdirilib. Osmanlıda 22 erməni nazir, 33 millət vəkili, 29 general, 7 səfir, 11 baş konsul, 11 universitet müəllimi vardı və digər bir çox yüksək vəzifələr tutmuşdular.

Xüsusilə dövlət zəifləyəndə ermənilər bunu xarici ölkələrin təxribatları ilə Anadoluda “müstəqil Ermənistan” qurmaq hədəfinə çevirmiş, bu məqsədlə XVI əsrdən başlayaraq, XIX əsin son rübünədək müxtəlif dövrlərdə bir çox qiyamlara rəhbərlik etmişdilər. Ermənilərin Birinci Dünya Müharibəsindən əvvəl və həmin vaxt başladığı üsyanlar hər kəsə məlumdur.

Sözügedən üsyanlar Birinci Dünya Müharibəsində Osmanlını təhlükəyə atmaqla yanaşı, ermənilər türk ordusunun çörəyini, suyunu zəhərlədilər, rus ordusuna casusluq edərək, Osmanlı ordusunun sıralarından qaçdılar və düşmənlərə qatıldılar, Osmanlı ordusunu hədəfə alan işlərlə məşğul oldular. Bundan sonra Osmanlı müttəfiqi Almaniya ilə məsləhətləşərək, problem yaradan ermənilərin döyüş bölgələrindən çıxarılaraq, Osmanlı İmperiyasının müharibə getməyən digər ərazilərində məskunlaşdırılmasına qərarı verib. Ermənilər bu yerdəyişməni “1 500 000 erməninin soyqırımı” kimi qələmə verir və apardıqları intensiv təbliğatla digər dövlətləri də bu uydurmaya inandırmağa çalışırlar. Halbuki Osmanlı İmperiyasının bütün ərazisində ermənilərin sayı 1914-cü il siyahıyaalınmasına görə, 1 294 851 nəfər olub və bura Fələstin, Livan və Yəmən kimi köçlə heç bir əlaqəsi olmayan ərazilərdə yaşayan ermənilər də daxildir.

Köçürülmənin aparıldığı Anadoluda yaşayan ermənilərin sayı müxtəlif mənbələrlə 736 000-872 000 arasında göstərilir. Bəziləri öz istəyi ilə başqa ölkələrə köç etmiş, bəziləri köçürmə qərarına tabe olmamaq üçün İslamı qəbul etmiş, digər hissəsi isə köçürmədən azad edilmişdi. Bu çərçivədə 600 min erməni 1915-ci ildən əvvəl Osmanlı torpaqlarını tərk edərək, müharibədən xilas olmaq üçün öz istəkləri ilə başqa ölkələrə, xüsusən də Rusiyaya köçüblər.

Qaçqınlar Komitəsinin 21.09.1929-cu il tarixli rəsmi qəzetində müharibədən əvvəl Osmanlı torpaqlarından 400 000 erməninin indiki Ermənistana (Qərbi Azərbaycan – red.), 40 000 erməninin İrana, 200 000 erməninin isə Rusiyaya keçərək rus ordusuna qatıldığı və Türkiyəyə qarşı döyüşərkən həyatını itirdiyi qeyd olunub. Bundan əlavə, Ermənistan Daşnak Respublikasında (1918-1920) 200 min nəfər də xəstəlikdən ölüb.

“American Near East Relief”-in hesabatında bildirilir ki, 1920-ci ilin oktyabrına olan məlumatda indiki Ermənistanda Türkiyədən gələn 350 000 erməni köçkünün olduğu qeyd edilib. Bu da müharibə ilə əlaqədar indiki Ermənistan ərazilərinə gedən ermənilərin bir hissəsinin geri qayıtma fərmanı ilə Anadoluya döndüyünü, başqa ölkələrə gedənləri saymasaq belə, Osmanlı İmperiyasındakı ermənilərin 650 000 nəfərinin Türkiyədə və Ermənistanda olduğunu və yaşadığını göstərir. Alman siyasətçi və yazıçı Pol Roxrbax və Paffer Evold Stayer, eləcə də Martin Rabenin 1918-ci il yanvarın 6-da Almaniya kayzerinə yazdıqları məktubda İstanbul, İzmir və Cənubi Qafqaza qaçan ümumilikdə 700 000 erməninin məcburi köçdən xilas olduğu, Qərbi Anadoluda isə 300 000 erməninin olduğu bildirilir.

1921-ci ildə dünyada yaşayan ermənilərin sayı 3 004 000 nəfər idi. ABŞ-ın rəsmi sənədlərində onların 817 873 nəfərinin Osmanlı dövlətindən könüllü olaraq köçən və Osmanlı dövləti tərəfindən köçə məcbur edilən ermənilər olduğu deyilir. Bu saya Osmanlı İmperiyasında yaşayan 281 000 erməni və köçdən xilas olmaq istədikləri üçün İslam dinini qəbul edən 95 000 erməni də əlavə edildikdə, 1921-ci ildə dünyada yaşayan ermənilərin 1 193 873 nəfərinin Osmanlı erməniləri olduğu anlaşılır.

Ermənistan nümayəndəliyinin 02.02.1919-cu il tarixində Paris Sülh Konfransına təqdim etdiyi memorandumda erməni əhalisinin sayı 1 milyon 403 min nəfər göstərilib. “Near East Relief”-in 31.12.1921-ci il tarixli hesabatında Türkiyə və Qafqazda yaşayan ermənilərin sayı 1 milyon 414 min nəfər göstərilib. Bütün bu məlumatlar sübut edir ki, ermənilər köç zamanı itkilər versələr də, əksəriyyəti sağ qalıb. Yəni ermənilərin və onlara dəstək verən dövlətlərin “soyqırımı” şüarları Türkiyəyə qarşı istifadə etdikləri əsassız iddialardır.

- Ermənilər 24 apreli qondarma soyqırımı tarixi elan ediblər. Bəs bunun ermənilərin deportasiyası ilə əlaqəsi varmı?

- Ermənilərin “soyqırımı tarixi” kimi qəbul etdikləri 24 aprelin köçürmə hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Köçürmə 1915-ci il mayın 27-də başlayıb. Aprelin 24-də yalnız erməni komitələrinin rəhbərləri həbs olunub, silahları və sənədləri müsadirə edilib, komitə mərkəzləri bağlanılıb.

Bu tarix həm də Gelibolu yarımadasına desant çıxaran İngiltərə, Fransa, Hindistan və “Anzak” birliklərinin həmin ərazilərə gəlmə tarixdir. Əgər aprelin 24-də İstanbuldakı erməni komitələrinin rəhbərləri həbs edilməsəydi, silahları ələ keçirilməsəydi, aprelin 25-i səhəri düşmən qüvvələrinin desant əməliyyatı ilə koordinasiyalı olaraq İstanbul başda olmaqla Osmanlı coğrafiyasında daxili üsyanlara başlayaraq, desant çıxaran düşmən qüvvələrinə dəstək verəcək və Osmanlını arxa cəbhənin təhlükəsizliyi üçün də qüvvə ayırmaq məcburiyyətində qoyacaqdı. Bu müharibənin sonunda isə İngiltərə, Fransa və Rusiyanın ermənilərə vəd etdiyi Anadolu torpaqlarında Ermənistan dövləti qurulacaqdı. Lakin aprelin 24-də üsyan rəhbərləri həbs olunanda həm ermənilərin, həm də onlara dövlət qurmaq vəd edən ölkələrin planları puç oldu. Ona görə də 24 aprel məyusluğundan çıxa bilməyən ermənilər bu tarixin köçürmə qərarı ilə heç bir əlaqəsi olmasa da, hər il bu tarixi qeyd edirlər.

Digər tərəfdən, aprelin 24-də həbs edilən 226 komitə rəhbərinin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı çoxlu sayda silah-sursat ələ keçirilib. Həbs edilənlərdən 155-i Çankırıya, 71-i isə Ayaşa göndərilib. Lakin həbs olunan komitə rəhbərlərinin heç də hamısı həbsxanaya salınmayıb. Çankırıya göndərilənlər iki-üç nəfərdən ibarət bağ evlərinə yerləşdirilib, onlara şəhərdə sərbəst gəzmək icazəsi verilib və ərazini tərk etmədiklərini göstərmək üçün gündə yalnız bir dəfə polis bölməsinə gəlməyə məcbur edilib.

Kastamonuya göndərilən Arşak Mardirosla Çankırıya göndərilən Arşak Diradoryan adlı ermənilər maddi vəziyyətlərinin yaxşı olmadığını bildirərək, maddi yardım tələb edib və bu tələbləri qəbul olunub. Çankırıya göndərilən ermənilərdən 35-nin günahsız olduğuna qərar verilərək İstanbula dönmələrinə icazə verilib, 25 nəfəri isə təqsirkar bilinərək Ayaşa, 57 nəfəri isə Zor bölgəsinə köçürülənlərlə birlikdə bura göndərilib. Xarici vətəndaşlığı olan komitə rəhbəri olan 7 ermənidən 3-ü deportasiya edilib, 4-ü isə həbsdə saxlanılıb. Qalan ermənilərdən 31-i əfv edilib. Ayaşda saxlanılan komitə rəhbərlərindən üçü Mudros sülh müqaviləsinin imzalanmasından sonra, qalanları isə ingilis işğalçı qüvvələrinin İstanbulu işğalından sonra sərbəst buraxılıb.

- Anadoluda yaşayan ermənilərin hamısı köçürülməyə məruz qalıb? Köçkünlərdən neçəsi öz yerlərinə çatıb?

- Osmanlı dönəmində Anadoluda yaşayan 736 000 ermənidən 438 758-i köç edib, qalanlarını öz yerlərində qalıb. Bu çərçivədə Osmanlı dövləti yalnız qriqoryan ermənilərindən üsyan qaldıranları Suriyaya köçürüb, protestant və katolik erməniləri, İstanbul, Bursa, Kütahya, Aydın, Qars və Van ermənilərini, dövlət idarələrində işləyən erməniləri köçürülmədən azad edib. Digər tərəfdən, Almaniyanın Hələbdəki konsulu Qərbi Anadoluda 27 200, İstanbul və Ədirnədə 164 000, Suriya, Fələstin və Bağdadda 13 500 nəfər olmaqla ümumilikdə 204 700 nəfərin köçdən azad edildiyini bildirib. Məcburi köçdən yayınmaq üçün İslamı qəbul etmiş 95 min erməni də bu saya əlavə olunduqda, bu qərardan azad edilənlərin sayı 300 minə çatır.

Osmanlı dövləti köçkün ermənilərin ehtiyacları üçün bir çox qərar və sərəncamlar verərək tədbirlər görüb. Buna uyğun olaraq, köçürüləcək ermənilərin mal-mülkləri geri döndükdən sonra özlərinə qaytarılmaq üçün dövlət tərəfindən nəzarətə götürülüb, tez xarab olan məhsulları satılaraq pulları onlara verilib. Eyni zamanda, köçəcək ermənilərin ehtiyacları üçün Miqrasiya İdarəsinə 206 634 lirə müavinət ayrılıb. Bu məbləğ indiki pulla 74 milyard lirə edir. Bu çərçivədə yaşlılara və uşaqlara gündəlik məvacib verilib. Bütün bu faktlar aydın olduğu halda erməni köçünü necə “soyqırımı” adlandırmaq olar?

ABŞ-ın Mersin konsulu Edvard Natan Osmanlı İmperiyasının dəmir yolu ilə köçürülən ermənilərə qatar bileti verdiyini, imkansızlara yardım etdiyini, köç vaxtı xəstələnənlərin müalicəsi üçün Dəməşqdə xəstəxana açdığını, bütün köçkünlərə yemək payladığını, yüz minlərlə köçkünün Hələb və Dəməşqə salamat çatdığını hesabatında qeyd edib. Bundan əlavə, ermənilərə getdikləri yerlərdə xəzinə torpaqlarından evlər ayrılıb, dolanışıqları və peşələri ilə məşğul olmaları üçün kapital və ya pulsuz olaraq lazımi alət və materiallar verilib. ABŞ-ın Mərzifon Kollecinin direktoru, missioner Corc Uayt da öz hesabatında bildirir ki, hökumət quru yolla köçürülən hər bir erməni ailəsinə öküz arabası verib və erməniləri ərzaqla təmin edib.

Erməni yazıçı Vaxram Dadryan isə köçə nəzarət edən Osmanlının təhlükəsizlik qüvvələrinin dəmir yolu ilə köçürülən ermənilərə yardım və dəstək verdiyini “Gündəliyimdən səhra səhifələrinə əks olunanlar” kitabında belə təsvir edir: “Erməni köçkünlərinə stansiya yaxınlığındakı bazarlara gedərək, əsas ehtiyaclarını ödəməyə icazə verildi. Köçkünlər təhlükəsizlik qüvvələrinin icazəsi ilə Kilis stansiyasının yaxınlığındakı bazara gedərək çörək, pendir, yumurta, duz, şəkər, meyvə, tərəvəz və dənli bitkilər kimi çoxlu ərzaq məhsulları aldılar”.

Köçkün ermənilərin taleyinə baxdıqda 438 758 ermənidən 386 148 nəfərinin (87 faiz) sağ-salamat köç etdikləri yerlərə çatdığı görünür. Bütün bu tədbirlərə baxmayaraq, quldur hücumları və epidemiyalar nəticəsində 56 610 erməni həyatını itirib. Osmanlı dövləti karvanları jandarmalardan ibarət təhlükəsizlik dəstələri ilə müşayiət etsə də, bəzi bölgələrdə quldurlar tərəfindən edilən hücumlarda bəzi ermənilərin həyatlarını itirmələri səbəbindən Osmanlı dövlətinin təqsirləndirilməsinin doğru olmadığı Millətlər Cəmiyyətinin Qaçqınlar Komissiyasının sədri Fridtjof Nansenin 1929-cu il sentyabrın 21-də Millətlər Cəmiyyətinə göndərdiyi hesabatında da qeyd olunub.

ABŞ-ın Hələbdəki konsulu Cekson 1916-cı il fevralın 3-də köçürülənlərin siyahısında 486 min, 8 fevral 1916-cı il tarixli hesabatında isə köç bölgəsində 500 minə yaxın erməninin olduğunu bildirib. Bu hesabatlarda göstərilən rəqəmlər Osmanlının arxiv sənədlərindəki rəqəmlərdən bir qədər çox olsa da, köçkün ermənilərin əksəriyyətinin məskunlaşdırıldıqları yerlərə çatdığını sübut etmək baxımından önəmlidir.

- Köçkün ermənilərin sonradan öz köhnə yerlərinə qayıtmasına icazə verilmişdimi?

- Köç zamanı iqlim şəraiti və digər səbəblərlə əlaqədar 25 noyabr 1915-ci il tarixdən vilayətlərə göndərilən əmrlərdə daşınmanın müvəqqəti dayandırılması göstərişi verildi. 1916-cı il fevralın 21-də bu sərəncam deportasiyaya son qoyulması şəklində bütün əyalətlərə çatdırıldı və göstəriş verildi ki, hələ yaşayış məntəqələrinə çatmamış ermənilər, yəni yolda olan ermənilər olduqları əyalətlərdə yerləşdirilsinlər. Həmin ermənilər sənədlərdə məskunlaşma yerinə çatmamış kimi göstərilir. Osmanlı hökuməti birinci əmrdən 20 gün sonra – 1916-cı il martın 15-də vilayətlərə göndərdiyi ikinci ümumi əmri ilə erməni daşımalarının dayandırıldığını və bundan sonra heç bir səbəblə daşınma aparılmayacağını bildirdi. Osmanlı Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra 1918-ci il dekabrın 31-də köçən ermənilərin əvvəlki yerlərinə qayıtmaları üçün fərman verdi.

Hökumətin geri dönmə fərmanı azlıq mətbuatı tərəfindən ictimaiyyətə çatdırıldı və ermənilər tərəfindən sevinclə qarşılandı. Bu kontekstdə “Verçinlor” qəzetinin 5 avqust 1918-ci il tarixli nüsxəsində erməni xalqının hökumətə və sultana minnətdar olduğu yazılıb. Erməni patriarxının müavini Cəvahirciyan Əfəndi böyük vəzir İzzət Paşa və digər dövlət rəsmiləri ilə görüşərək, qəbul etdiyi qərara görə icması adından hökumətə təşəkkür edib. Geri qayıdan qeyri-müsəlman icmalarına məxsus kilsələr, məktəblər və daşınmaz əmlakları onlara qaytarılıb. Məcburi köçə göndərilməmişdən əvvəl könüllü olaraq mallarını satanlar belə, istəsələr, aldıqları pulu qaytarıb, mallarını geri ala bilirdilər. Bu kontekstdə daşınar və daşınmaz əmlaklarının 98 faizi dönən ermənilərə qaytarılıb. Lakin qaçqın türklərin bir qismi köçkün ermənilərin qoyub getdikləri evlərdə məskunlaşdıqları üçün ermənilər geri qayıtdıqda türklərə bu evləri tərk etmək əmri verilib və köçkün türklər ortada qalıb.

- Birinci Dünya Müharibəsi zamanı rus işğalından və erməni quldur dəstələrinin qırğınından xilas olmaq üçün köç etmək məcburiyyətində qalan və həyatını itirən türklər də var. Bununla belə, heç vaxt onların adı çəkilmir. Bu haqda bizə məlumat verə bilərsinizmi?

- Ölkələrinə üsyan və xəyanət etdikləri üçün savaş bölgəsi xaricinə köçürülən ermənilərə ağılara deyilərkən, rus işğalından və erməni qırğınlarından qurtulmaq üçün torpaqlarını tərk etmək məcburiyyətində qalan və həyatını itirən türklərdən söz açılmaması, bu məsələni görməzdən gələnlər baxımından ayıbdır.

Köç vaxtı həyatını itirən ermənilərdən doqquz dəfə çox türk Anadoluda (518 105), 7 dəfədən çox isə Cənubi Qafqazda (Azərbaycanda – red.) ermənilər tərəfindən qətlə yetirilib. Anadoluda qətlə yetirilən türklərin hansı ermənilər tərəfindən, hansı silah-sursatdan istifadə edərək öldürdüklərinə dair məlumatlar Osmanlının dövlət arxivlərində saxlanılan 1329 səhifəlik 2 cildlik sənədlərdə bir-bir sadalanır. Erməni təqiblərindən xilas olmaq üçün köçə məcbur qalan türklərin sayı məcburi köçə məruz qalan ermənilərdən (438 758) 3.5 dəfə çoxdur (1 604 031). Üstəlik, türklərə köçməyə məcbur olan ermənilərə verilən imkanların heç biri təmin olunmayıb. Onların üçdə ikisi (1 000 000) erməni quldur dəstələrinin hücumları, aclıq və xəstəlik nəticəsində həyatını itirib. Bu sayda Anadoluda öz yurdlarında ermənilər tərəfindən öldürülən 518 105 türk və Cənubi Qafqazda qətlə yetirilən 413 000 türk əlavə olunduqda ermənilər tərəfindən öldürülən türklərin sayı 2 milyona çatır.

Başqa sözlə, yol şəraiti, epidemiyalar və quldur hücumları nəticəsində həyatını itirən 56 610 ermənidən 40 dəfə çox türk ermənilər tərəfindən qətlə yetirilib. Üstəlik, bu türklər xəstəliklərə və yol şəraitinə görə deyil, erməni quldur dəstələrinin hücumları ilə, ağır işgəncələrə məruz qalaraq, türklərdən ələ keçirilərək boşaldılacaq torpaqlarda sırf erməni millətinə əsaslanan erməni dövləti yaratmaq məqsədilə qırğına məruz qalıblar. O dövrdə erməni soyqırımı aktı müəyyən edilməsə də, ermənilərin o dövrdə törətdikləri əməllər bugünkü soyqırımı anlayışına tam uyğun gəlir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər