“Ukraynanın NATO-ya potensial daxil olması Rusiya ilə alyansa daxil olan dövlət arasında ərazi mübahisəsinə səbəb ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim nə Finlandiya, nə də İsveçlə ərazi mübahisəmiz yoxdur, halbuki Ukrayna potensial olaraq NATO-ya üzv ola bilər, o zaman Rusiyanın alyansda iştirak edən dövlətlə ərazi mübahisəsi yaranar”, - Peskov əlavə edib.
Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı sualı cavablandıran Peskov qeyd edib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması Avropada təhlükəsizlik arxitekturasını gücləndirməyəcək.
Onun sözlərinə görə, Moskva bu məsələni diqqətlə izləyir: “Mümkün nəticələrin çox dərin təhlili üçün əsas var. Biz düşünmürük ki, Finlandiya və İsveçin NATO-ya daxil olması qitəmizdə təhlükəsizlik arxitekturasını hansısa şəkildə gücləndirəcək və təkmilləşdirəcək. Bu, ciddi məsələdir, bu, bizim narahatlığımıza səbəb olan bir məsələdir və biz Finlandiya və İsveçin NATO-ya daxil olmasının təhlükəsizliyimiz baxımından, praktiki baxımdan nə ilə nəticələnəcəyini çox diqqətlə izləyəcəyik”.
Peskov qeyd edib ki, Moskva İsveç hakimiyyətinin bu ölkənin alyansa qoşulacağı təqdirdə öz ərazisində xarici hərbi bazalar və silah sistemləri yerləşdirmək niyyətində olmadığı barədə bəyanatlarını diqqətə alır:
“Biz çox diqqətlə izləyirik və təbii ki, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi perspektivləri ilə bağlı vəziyyəti təhlil edirik”.