ABŞ Senatı Bridcet Brinkin Ukraynadakı səfir postuna namizədliyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Məlumata görə, ABŞ-ın üç ildir Ukraynada səfiri yoxdur. Brinklə bağlı qərar yekdilliklə qəbul edilib.
Prezident Co Bayden aprelin 27-də Brinkin ABŞ-ın Ukraynadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləmək üçün Senatda çıxış edib. Bir gün əvvəl Senatın Xarici Əlaqələr Komitəsi bunu təsdiqləyib.
Miçiqanda anadan olan Bridcet Brink Ohayoda Kanyon Kollecində siyasi elmlər üzrə bakalavr dərəcəsi qazanıb. Brinkin diplomat karyerası 1996-cı ildə ABŞ Dövlət Departamentindən başlayıb. Bundan sonra o, ABŞ-ın Avropa, Cənubi Qafqaz (Azərbaycan, Ermənistan və Gürcüstan) və Mərkəzi Asiyadakı səfirliklərində işləməli olub.
Brink xaricdə ilk təyinatını 1997-1999-cu illərdə, Balkan yarımadasında müharibənin qızğın vaxtında ABŞ-ın Belqraddakı səfirliyinə alıb. Serbiyadan sonra ABŞ-ın Cənubi Kiprdəki səfirliyinə təyin edilib və 2002-ci ilə qədər orada çalışıb. Bundan sonra Brink bir neçə il ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavininin xüsusi köməkçisi olub. O, Vaşinqtonun Cənubi Avropa dövlətləri ilə xarici siyasət əlaqələri ilə məşğul olub.
2005-2008-ci illərdə ABŞ-ın Tiflisdəki səfirliyinin siyasi və iqtisadi şöbəsinə rəhbərlik edib. Bundan sonra Bridcet Brink Vaşinqtona qayıdıb və Dövlət Departamentində Cənubi Avropa Departamentinin direktor müavini təyin edilib. Barak Obama ABŞ prezidenti olduğu dövrdə Vaşinqtonun Egey (Türkiyə, Yunanıstan, Cənubi Kipr) və Cənubi Qafqaz ölkələri ilə əlaqələrinin koordinatoru kimi Milli Təhlükəsizlik Şurasına daxil olub.
2011-ci ildə Brink Gürcüstana qayıdıb. Bu dəfə ABŞ-ın Tiflisdəki səfirinin müavini olub. Bundan sonra - 2014-2015-ci illərdə ABŞ-ın Daşkənddəki səfirliyində analoji vəzifəyə göndərilib. Özbəkistandan sonra dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini təyin edilib. Bu vəzifədə o, Avropadakı münaqişələrə, habelə ABŞ-ın Şərqi Avropa və Cənubi Qafqazla münasibətlərinə cavabdeh şəxs olub.
2019-cu ilin may ayında Bridcet Brink ilk dəfə ABŞ səfiri təyin edilib. Donald Tramp ABŞ-ın Slovakiyadakı təmsilçiliyini ona həvalə edib.