20 May 2022 17:10
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə etirazları alyans daxilində zəlzələ effekti versə də, NATO-nun keçmiş baş katibi Yaap de Hoop Skeffer məsələyə başqa yanaşma sərgiləyib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO üzvlüyünə veto qoyacağını açıqlamasından sonra NATO daxilində başlayan müzakirələr davam edir. Beynəlxalq mətbuatın yaxından izlədiyi proseslə bağlı yeni açıqlama NATO-nun keçmiş baş katibi Yaap de Hoop Skefferdən gəlib.

ABŞ-ın aparıcı yayım şirkətlərindən biri olan “Politico”ya danışan Yaap de Hoop Skeffer Türkiyənin mövqeyi ilə bağlı “Hal-hazırda dəyəri bilinmir, lakin mütləq bir qiymət olacaq” deyib.

2004-2009-cu illərdə NATO-nun baş katibi olmuş hollandiyalı siyasətçi Türkiyənin də 2009-cu ildə onun varisi Anders Foq Rasmussenin təyin edilməsinə qarşı çıxdığını xatırladıb.

Türkiyə Danimarkanın keçmiş baş naziri, 2009-cu ildə NATO-nun baş katibi təyin edilmiş Anders Foq Rasmussenə veto qoyub. O zaman baş nazir olan Ərdoğan Rasmusseni Həzrəti Məhəmmədin karikaturası ilə bağlı yaranmış böhranı yaxşı idarə edə bilməməkdə ittiham edib.

NATO-nun sabiq baş katibi o zaman Türkiyə ilə ABŞ-ın o vaxtkı prezidenti Barak Obamanın da iştirakı ilə danışıqlar aparıldığını xatırladaraq, Türkiyənin nəhayət Rasmussenin təyinatını qəbul etdiyini və bunun müqabilində NATO baş katibinin müavini vəzifəsinin verilməsinə qərar verildiyini bildirib.

De Hoop Skeffer Türkiyənin son addımının arxasında Finlandiya və İsveçdən başqa səbəblərin olduğunu və bunlardan birincisinin Türkiyənin daxili siyasəti olduğunu bildirib. Türkiyənin Finlandiya və İsveçi PKK-ya dəstək verməkdə ittiham etməsinə də toxunan De Hoop Skeffer, “Siz hər zaman terror və PKK ilə əlaqə yaradaraq əhalinin böyük bir hissəsini hərəkətə keçirə bilərsiniz” deyib.

NATO-nun keçmiş baş katibi Türkiyənin etirazının ikinci səbəbinin Finlandiya və İsveçin iştirakının NATO daxilində siyasi tarazlıqları dəyişəcəyi ilə bağlı olduğunu bildirib.

Politico yazıb ki, Türkiyənin etirazlarının digər səbəbi Ankara-Vaşinqton xəttindəki F-16 gərginliyidir. ABŞ Türkiyəni F-35 proqramından çıxardıqdan sonra Türkiyə ABŞ-a mövcud F-16 döyüş təyyarələrinin modernləşdirilməsi və yeni F-16-ların alınması tələbini göndərib və bu tələbin ABŞ Konqresində təsdiqlənməsini gözləməyə başlayıb.

NATO-nun keçmiş baş katibi hesab edir ki, Türkiyəyə ödəniləcək qiymət həm də amerikalılar tərəfindən F-16 maneəsini aradan qaldırması ola bilər. Onun fikrincə, ABŞ-ın bu qiyməti ödəməyə hazır olduğuna dair siqnal verdiyi hiss edilir.

“Politico”nun xəbərində Finlandiyada Türkiyənin mövqeyinin ABŞ münasibətləri ilə bağlı olduğu fikrinin üstünlük təşkil etdiyi qeyd edilib. Finlandiyanın yüksək səviyyəli rəsmisi “Türkiyə ilə yaxşı münasibətlərimiz var. İkitərəfli münasibətlərin problem olduğunu düşünmürəm. Yəqin ki, məsələ Türkiyə ilə ABŞ arasında olan məsələlərlə bağlıdır”.

Digər tərəfdən, xəbərdə Ərdoğanın sərt açıqlamalarına baxmayaraq, Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə böyük ehtimalla yaşıl işıq yandıracağı ehtimal edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər