Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərinə Türkiyənin etirazları ilə bağlı müzakirələr davam edərkən, İsveçdən mövzu ilə bağlı yeni açıqlama gəlib. Digər tərəfdən, Türkiyənin İsveç və Finlandiya nümayəndə heyətləri ilə bu həftə keçirdiyi danışıqlarda məhdud irəliləyiş əldə edildiyi bildirilib.
Teleqraf.com xəbər verir ki, İsveç Xarici İşlər naziri Ann Linde bununla bağlı "Twitter" hesabından açıqlama verib.
Linde isveçli siyasətçilərin demokratik qruplar içərisində terror təşkilatı PKK-nı təmsil etdikləri ilə xəbərlərin doğru olmadığını deyib:
“Bizim demokratik cəmiyyətimizdə zorakılığa, terrora və ekstremizmə yer yoxdur. Bunlar ciddi və əsassız ittihamlardır”.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın NATO-ya üzv olmaq üçün müraciət edən İsveç və Finlandiyanın PKK və FETÖ terror təşkilatlarını dəstəklədikləri, onların hərbi ittifaqa üzvlüyünə qarşı çıxacaqları ilə bağlı açıqlaması böyük müzakirələrə səbəb olub.
Ann Linde ötən həftə iddia edib ki, 1984-cü ildə Olof Palme hökuməti Türkiyədən sonra PKK-nı terror təşkilatı kimi tanıyan ilk ölkə olub.
Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etirazlarını həll etmək üçün bu həftə iki ölkənin nümayəndə heyətləri ilə danışıqlarda da məhdud irəliləyiş olduğu bildirilir.
İki mənbənin “Royter” agentliyinə verdiyi məlumata görə, çərşənbə günü nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyi bəlli deyil.
“Bu asan proses deyil. Onlar konkret addımlar atmalıdırlar. Danışıqlar davam edəcək, lakin belə görünür ki, növbəti görüşün tarixi o qədər də yaxın deyil”, - agentliyə danışan və adı açıqlanmayan yüksək çinli türk rəsmisi deyib.
İkinci mənbə isə danışıqlarda dəqiq irəliləyişin əldə oluna bilməyəcəyini, danışıqların davam etdirilməsi üçün cədvəlin müəyyən edilmədiyini bildirərək, NATO zirvəsinə qədər Türkiyənin etirazlarının aradan qaldırılmayacağına diqqət çəkib.
Eyni mənbə Türkiyə rəsmiləri ilə İsveç və Finlandiya nümayəndə heyətləri arasında əvvəlcə ayrı-ayrılıqda keçirilən, sonra isə bütün tərəflərin iştirak etdiyi 5 saatlıq görüşün səmimi olduğunu bildirib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün verdiyi açıqlamada bildirib ki, Türkiyə NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyib, lakin Türkiyənin iki ölkənin üzvlüyü ilə bağlı qeyd-şərtsiz qalmasının səbəbi bu ölkələrin terror təşkilatları ilə əlaqələridir: “Biz Finlandiya və İsveçin təhlükəsizlik narahatlıqlarını başa düşürük, lakin hər kəs Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını da başa düşməlidir”.