25 İyun 2022 21:11
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden Konqres tərəfindən təsdiqlənmiş odlu silahları üzərində nəzarətin gücləndirilməsi haqqında qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, imzalanma mərasimi Ağ evdə keçirilib. Prezident Cozef Bayden qanunu son 30 ildə bu sahədə qəbul olunmuş əhəmiyyətli sənəd adlandırıb.

Qanuna əsasən, cəmiyyət üçün təhlükə yaradan şəxslərdən silahları müvəqqəti olaraq geri almaq üçün ştatlara qrantlar ayrılmasını nəzərdə tutur. Bundan əlavə, cinayət törətdiklərinə görə məhkum olunmuş şəxslərin azı beş ərzində odlu silah alması qadağan edilir. Qanun, həmçinin tələb edir ki, FTB ştatların hakimiyyəti və yerli hüquq- mühafizə orqanları ilə əlaqə saxlayaraq 21 yaşdan aşağı alıcıların şəxsi məlumatlarını və onların keçmişini daha ciddi şəkildə yoxlasın. Nəhayət, sənəddə nəzərdə tutulur ki, odlu silahın satılması qadağan olunmuş şəxslərin adından alınması federal cinayət sayılacaq.

Qanunda odlu silah satışı məntəqələri üçün qeydiyyat tələblərinə aydınlıq gətirilir, təhsil müəssisələrinin təhlükəsizliyinə və psixi xəstəliklərin müalicəsinə təxminən 15 milyard dollara yaxın vəsait ayrılmasına icazə verilir.

ABŞ–da silah satışını və gəzdirilməsini məhdudlaşdırmağın zəruriliyi ilə bağlı debatların yeni dalğasına mayın 24-də Texasda baş vermiş faciə səbəb olub: San-Antonio yaxınlığındakı Yuvalde şəhərində ibtidai məktəbə hücum nəticəsində 21 nəfər, o cümlədən 19 uşaq qətlə yetirilib.


Müəllif: Teleqraf.com