İraqın paytaxtı Bağdadda “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədrin silahlı tərəfdarları ilə hökumət qüvvələri və İranın dəstəklədiyi “Həşd əş-Şaabi” qruplaşması arasında qarşıdurma davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bağdadda hökumət binalarının və xarici nümayəndəliklərin yerləşdiyi “Yaşıl Zona”da qarşıdurma dünəndən başlayıb. Sədr tərəfdarları həmin ərazidə onlara silahlı hücum edənlərin İranın dəstəklədiyi milislər olduğunu iddia edirlər.
Toqquşmalarda 20-yə yaxın Sədr tərəfdarının həyatını itirdiyi, 150-dən çox insanın isə yaralandığı bildirilir.
İraq hökuməti, siyasi liderlər və BMT-nin silahları yerə qoymaq çağırışları hələ də cavablandırılmayıb. Sədr dünən silahlar susana qədər aclıq aksiyasına başladığını elan edib. Amma liderlərin zorakılığa son qoyulması çağırışına küçələrdə vuruşan tərəfdarları cavab verməyib.
Sədr tərəfdarı olan Əbu Karrar “Anadolu”ya dünən hökumətin binasına və prezident sarayına dinc şəkildə daxil olduqlarını bildirib:
“Bizdən heç kim silah daşımırdı, amma İranın dəstəklədiyi silahlılar bizə atəş açmağa başlayanda bizə də hərbi rəhbərlikdən silah daşımaq tapşırıldı. Hər növ - orta və ağır silahları, o cümlədən RPQ-7 daşıyırıq. Ən kiçik silahımız “Kalaşnikov”dur”.
Əbu Karrar İrandan gələn silahlı şəxslərin də onlara hücum etdiyini iddia edir: “Fars dilində danışılanlar rabitə vasitələrimizdə qeyd olunur”.
Mərmi daşıyan Sədrin gənc tərəfdarı Zeynalabidin İmara da baş verənlərə görə İranı ittiham edib: “Dinc şəkildə başladığımız aksiyalarda bizi silah gəzdirməyə məcbur etdilər. Bu, xalq inqilabıdır. İran və İnqilab Keşikçiləri Ordusu (SEPAH) bizi güllələyir. Amma biz onları və onların dəstəklədiyi qruplaşmaları buradan süpürüb atacağıq”.
Ötən gün yüzlərlə Sədr tərəfdarı prezident və hökumət sarayına basqın edib. Təhlükəsizlik qüvvələri “Yaşıl Zona”nın müxtəlif nöqtələrində havaya atəş açsalar da, etirazları dağıtmaq mümkün olmayıb. Toqquşmalar bu gün səhər saatlarından etibarən şiddətlənib.