Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ-ın Ukraynaya davamlı dəstəyini təmin etmək üçün Vaşinqtonda daha çox vaxt keçirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.
Nəşr bildirir ki, Conson hələ də beynəlxalq arenada Ukraynanın əsas dəstəkçilərindən biri olaraq qalmaq istəyir və bununla əlaqədar Kiyevə davamlı yardım üçün Amerikadan zəmanət almaq niyyətindədir. Britaniya hökumətinin keçmiş rəhbəri bu məsələdə hakim Demokratlar Partiyasının rəhbərliyi ilə Respublikaçıların təmsil etdiyi müxalifətin eyni mövqedən çıxış edəcəyini gözləyir.
Qəzetin yazdığına görə, son günlər Böyük Britaniyada hakimiyyətin ən yüksək eşelonlarında Consonun bu ölkənin baş nazirinin Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsinin mümkünlüyü müzakirə edilib, amma müzakirələrdən konkret nəticə çıxmayıb. Bununla belə, Consonun Ukraynanın bərpası üzrə beynəlxalq planın həyata keçirilməsi ilə bağlı vəziyyəti nəzarətə götürə biləcəyi deyilir.
Conson oktyabrın 23-də Liz Trassın istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri vəzifələrinə yenidən namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Eyni zamanda, o, gələcəkdə Dauninq Stritə qayıdacağını istisna etmədiyini deyib.
Britaniya mediası Consonun namizəd kimi seçkidə iştirakdan imtina etməsinin parlamentdə səsvermənin növbəti raunduna çıxmaq üçün lazım olan 100 səsi toplaya bilməyəcəyi ehtimalı ilə bağlı olduğunu yazır.
Bundan sonra sabiq maliyyə naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının yeni lideri elan edilib.