“İŞİD, “Əl-Qaidə” və digər terror qruplaşmaları MDB-yə girməyə çalışırlar”.
Teleqraf.com xəbər verir ki, bunu MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının 51-ci iclasının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə Rusiya Prezidenti Vladimir Putin deyib.
“Birlik məkanındakı təhdidlərdən danışarkən qeyd edim ki, İŞİD, “Əl-Qaidə” və digər terror qruplaşmalarının yaratdığı təhlükənin səviyyəsi azalmır. Onlar MDB ölkələrinə sızmağa, gizli hücrələr yaratmağa çalışırlar və silahlı qrupların Əfqanıstanda, xüsusən də Mərkəzi Asiya respublikaları ilə sərhədlərə yaxın ərazilərdə cəmləşməsi təbii ki, bu region üçün potensial işğal riski daşıyır”, - Rusiya lideri vurğulayıb.
Putin ölkələrin daxili işlərinə müdaxilə ilə mübarizə aparmaq üçün MDB məkanında xarici kəşfiyyat xidmətlərinin fəaliyyətinin daha aktiv şəkildə ifşa olunmasına və qarşısının alınmasına çağırıb:
“Prioritet vəzifələrdən biri də birlik ölkələrinin daxili işlərinə qarışmaq cəhdlərinə birgə müqavimət göstərməkdir. Bunun nə olduğunu sizinlə bilirik. Bunun üçün - buna müqavimət göstərmək üçün MDB üzvü olan hər bir dövlətdə sabitliyi pozmağa yönəlmiş xarici xüsusi xidmət orqanlarının fəaliyyətini daha fəal şəkildə ifşa etmək və dayandırmaq lazımdır”.