ABŞ Rusiyanın "Taxıl sazişi"ndən çıxmasından narahatdır. Bu addımdan xüsusilə inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələr təsirlənəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Taxılın quru yolu ilə daşınmasının mümkün olub-olmayacağına gəldikdə Prays bunun çətin olacağını bildirib:
“Ukraynanın hələ taxıl təşəbbüsü qüvvəyə minməmişdən əvvəl öz buğdasını quru yolu ilə daşımaq imkanı var idi. Deməli, təbii ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin əvvəlindən təkcə Qara dəniz deyil, həm də quru yolları müəyyən dərəcədə funksional olub. Təbii ki, biz ukraynalı tərəfdaşlarımızla birlikdə quru nəqliyyatının effektiv olub-olmayacağını görəcəyik, lakin Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixracını heç nə əvəz edə bilməz”.
Prays qeyd edib ki, dünənə olan məlumata görə, Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukraynadan 9,5 milyon metrik ton taxıl hasil edilib ki, bunun da əksəriyyəti inkişaf etməkdə olan ölkələrə gedib.
Sözçü qeyd edib ki, Ukraynadan belə böyük miqdarda taxılın qurudan çıxarılması üçün lazım olan infrastrukturun qurulması və saxlanması Rusiyanın davam edən təcavüzü fonunda çox çətin olacaq.
Bu vəziyyətdə Qara Dəniz Taxıl Təşəbbüsünə alternativin olmadığını təkrarlayan Prays deyib ki, Rusiya bu təşəbbüsün qarşısında dayanarsa, dünyanın ciddi qınaqlarına səbəb olacaq:
"ABŞ Rusiyanı təkcə bu sazişin tərəfləri olan Ukrayna, BMT və Türkiyə qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyə çağırır".
ABŞ rəsmisinin çıxışı zamanı Türkiyəni və türkləri təqdir etməsi diqqətdən yayınmayıb: “Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı türklərə güvənirik. Biz metrik tonların tranzitini asanlaşdırmaq üçün bir neçə ay ərzində səmərəli işləmişik. Biz Türkiyənin həm bu təşəbbüsdə, həm də Birgə Koordinasiya Mərkəzindəki rolunu və səylərini yüksək qiymətləndiririk”.