Rusiya Ukraynanın Baxmut bölgəsi (Donetsk vilayəti) uğrunda döyüşdə “Vaqner” qrupunun elit bölmələrinin önəmli hissəsini itirə bilər. Rusiya ordusunun şəhər yaxınlığında əlverişsiz mövqedə olması Ukrayna Silahlı Qüvvələrinə işğalçıların çoxlu sayda canlı qüvvələrini məhv etməsinə imkan yaradır. İşğalçılar ciddi itkilər vermədən yaxın gələcəkdə Baxmutu mühasirəyə ala bilməyəcəklər.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bu qənaətə gəliblər.
Onların fikrincə, Baxmut yaxınlığında son vaxtlar müşahidə olunan döyüş əməliyyatlarının artması Rusiya ordusunun, eləcə də “Vaqner”in ən güclü bölmələrinin məhvinə səbəb ola bilər. Rusiya Müdafiə Nazirliyi üçün cəbhənin bu hissəsində Ukrayna ordusu ilə toqquşmalarda itirəcəyi qüvvələrin əvəzini tapmaq çətin olacaq.
Analitiklər proqnozlaşdırırlar ki, Baxmutda uğur qazanmaq üçün Rusiya hərbi komandanlığı “Vaqner”ə dəstək olaraq öz hava-desant qüvvələrini döyüşə atmalı və ya şəhəri tamamilə ələ keçirmək cəhdlərindən əl çəkməli olacaq.
“Şəhər döyüşləri şəraitində “Vaqner” qrupunun elit bölmələrinin Rusiya ordusunun digər elit birləşmələri ilə birlikdə zərər vermə ehtimalı olduqca yüksəkdir”, - məlumatda deyilir.