"Brüsseldəki son anlaşma ilə anklavlar da (Qazaxın 7, Naxçıvanın 1 kəndi) Azərbaycana təhvil veriləcək".
Teleqraf.com xəbər verir ki, bunu erməni kartoqraf Qriqor Beqlaryan deyib.
Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın 86.6 min kvadrat kilometrlik ərazisində Azərbaycanın bütövlüyünü tanıdığını bildirib.
Onun sözlərinə görə, bu müqavilə ilə Qarabağın dağlıq hissəsi ilə yanaşı, anklavlar da təhvil veriləcək, çünki Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisi də bura daxildir.
“Bəli, bu ərazilərin – anklavların hamısı təhvil veriləcək”, - Beqlaryan əlavə edib.
Kartoqraf Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıdığını söyləyib:
“1991-ci ildə SSRİ dağılanda və 15 respublika öz müstəqilliyini elan edəndə bütün beynəlxalq hüquq həmin dövlətləri keçmiş sovet inzibati sərhədləri ilə tanıdı. Məsələ budur ki, ondan əvvəl baş verənlər (Qarabağda separatizmin baş qaldırmasını – red.) rəsmi beynəlxalq hüquq tərəfindən tanınmır. Beləliklə, 1991-ci ildə həmin 15 respublikanın sovet inzibati sərhədləri daxilində olduğu açıqlandı”.
Digər kartoqraf Ruben Qalçyan da anklavların Azərbaycan ərazisi olduğunu deyib.
Qalçyan 1991-ci ilin xəritəsinə istinad edərək qeyd edib: “Sovet dövrünün xəritəsidir. Sovet dövründə Ermənistan və Azərbaycanın xəritəsi necə olub? Eynidir, yəni Qarabağ bütünlüklə Azərbaycan ərazisində idi”.