ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns iyunda Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun başladığı ilk günlərdə gizli şəkildə bu ölkəyə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumatlı mənbələrə istinadla yazır.
Məlumata görə, Vladimir Zelenskinin ofisində ona ilin sonuna qədər Rusiya ilə sülh danışıqlarının başlamasını nəzərdə tutan plan təqdim edilib.
Rəsmilərdən birinin sözlərinə görə, səfərin məqsədi Bayden administrasiyasının hazırlığını təsdiqləmək və Ukraynaya özünü müdafiə etmək üçün kəşfiyyat məlumatlarının verilməsini davam etdirmək olub.
Nəşrin yazdığına görə, ukraynalı hərbi rəsmilər Ukrayna ordusunun payıza qədər önəmli əraziləri geri qaytara biləcəyini, Krımın sərhədinə çatacağını və bundan sonra Moskva ilə danışıqlara başlayacağını əminliklə dilə gətiriblər.
Ukraynanın yüksək rütbəli rəsmisi deyib: “Rusiya danışıqlara yalnız təhlükə hiss etdiyi halda gedəcək”.
Kiyev üçün ideal ssenaridə Ukrayna Silahlı Qüvvələri Krımla sərhəddə qoşun və güclü silahlar yerləşdirməklə Rusiya üzərində təsir rıçaqları əldə edəcək. Bu halda işğal altındakı yarımada danışıqlarda “girov” rolunu oynayacaq.
Məlumatda qeyd olunur ki, Kiyev Krımda hərbi əməliyyatlardan imtinaya hazır olacaq, amma əvəzində Rusiyadan Ukraynanın Qərbdən ala biləcəyi istənilən təhlükəsizlik zəmanətini qəbul etməyi tələb edəcək.