İran parlamentinin deputatı Cəlil Rəhimi Cahanabadi Prezident İbrahim Rəisinin təyinatlarında hərbi əsaslı bürokratlara üstünlük verməsini tənqid edib.
Teleqraf.com xəbər verir ki, deputat prezidentin ölkəni kazarmaya çevirdiyini deyib.
“Daxili işlər naziri kimi hərbi keçmişi olan birini təyin edirsiniz. Başqa bir hərbçini nazir müavini postuna gətirirsiniz. Yenə Xorasan vilayətinin valisi vəzifəsinə bir hərbçini təyin edirsiniz. Ölkə kazarmaya çevrilib, xalqın problemlərini kimə çatdıracağımızı bilmirik”, - Cahanabadi bildirib.
Ölkəsindəki iqtisadi və sosial problemlərə diqqət çəkən deputat xalqın ümidsizliyə qapılmaması üçün Rəisini dəstəklədiyini, amma vətəndaşların işsizlik, bahalaşma və çətin həyatın içində yaşadıqlarını söyləyib.
2021-ci ilin iyununda keçirilən seçkilərində qalib gələn İbrahim Rəisi “İslam İnqilabı Keşikçiləri Korpusu”na (SEPAH) yaxınlığı ilə seçilir.