Ukrayna hələ də F-16 qırıcılarının cəbhədəki vəziyyətə ciddi şəkildə təsir edəcəyini təkid edir. Buna baxmayaraq, ABŞ rəsmiləri tankların, döyüş sursatlarının və yaxşı təlim keçmiş quru qoşunlarının bir sıra obyektiv səbəblərə görə çatdırılması gecikdirilə bilən təyyarələrdən qat-qat vacib olduğunu deyirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazır.
Amerika qəzeti vurğulayır ki, Qərbin hərbi təyyarələri bahadır, lazımi qədər pilotun hazırlanması illər çəkə bilər. Məqalədə qeyd olunur ki, artıq vəd edilmiş F-16-ların Ukraynaya təhvil verilməsinə bilavasitə əngəl təyyarənin özü deyil, onlara nəzarət və onlara qulluq etmək üçün ingilis dilini bilən ukraynalı pilotların və dəstək heyətinin olmamasıdır.
Ukraynalı pilotlara təlimin ən azı dörd ay çəkəcəyi gözlənilir. Bundan əvvəl onlara ingilis dilini lazımi səviyyədə öyrətmək üçün daha çox vaxt lazımdır.
ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş yüksək rütbəli zabiti nəşrə deyib ki, hər bir F-16-nın saxlanması üçün 8-14 dəstək personalı lazımdır. Onun sözlərinə görə, yardımçı heyətlərin hazırlığı təxminən pilotların hazırlığı ilə eyni vaxt aparacaq.
ABŞ ordusunun generalı Ceyms Haker F-16-ların Ukraynaya kömək edəcəyini, amma bunun dərdə çarə olmayacağını söyləyib.
Məqalədə o da vurğulanır ki, ABŞ hökuməti hələ də Ukraynaya öz donanmasından F-16 göndərmək öhdəliyi götürməyib. Bundan əlavə, digər ölkələr Amerika istehsalı təyyarələri Ukraynaya göndərməzdən əvvəl Vaşinqtondan icazə almalıdır. Bir Amerika rəsmisinin sözlərinə görə, Bayden administrasiyası Danimarka, Norveç və Hollandiyaya belə bir icazənin verildiyini açıqlayıb, amma ABŞ-ın yeni prezidenti bu anlaşmanı ləğv edə bilər.