Rusiya Prezidenti Vladimir Putin Çinə səfərə hazırlaşır. Doğrudur, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Putin Rusiyadan kənara çıxmamağa çalışır, avqust ayında tərəfdaş adlandırdığı Türkiyəyə səfərdən də imtina etdi, amma Türkiyədən fərqli olaraq, Çin Rusiyanın strateji tərəfdaşıdır. Moskvada bu dövləti “müttəfiq” adlandıranlar da var.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri xatırladırlar ki, Çin lideri Si Cinpin bir müddət əvvəl Rusiyaya səfər edərək, Putinlə görüşmüşdü:
“Cinpin həmin görüşdə Putini Çinə dəvət etmişdi. Kreml sahibi səfərdən imtina etsəydi, bu, onun dostuna qarşı hörmətsizliyi kimi başa düşülə bilərdi. Ukraynaya qarşı müharibəyə görə Rusiyanın dost və tərəfdaşı onsuz da azdır. Putinin Çinin dəstəyinə ehtiyacı var.
Rusiya lideri Pekində “Bir Kəmər, Bir Yol” Forumunda da iştirak edəcək.
Rusiya agentliklərinin məlumatına görə, Putinin Çinə səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzuları müzakirə olunacaq. Bunu Çinin Rusiyadakı səfiri Çan Xanxey də təsdiqləyib. Səfir Pekindəki müzakirələrdə iki ölkənin beynəlxalq aləmdə əməkdaşlığın davamı mövzuları ilə bağlı fikir mübadiləsinin aparılacağını bildirib. Moskva və Pekin Qərbin təzyiqlərinə və sanksiyalarına qarşı birgə mübarizəni davam etdirməkdə maraqlıdır.
Rusiyada Çinin iqtisadi modelinə də maraq var. Ancaq Rusiya bu modeldən faydalana bilmir. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabibullina bunun səbəbini belə izah edib: “Çinin inkişaf modeli Rusiyaya yaramır, iki ölkənin iqtisadiyyatlarında fərqliliklər çoxdur. Məsələn, Çin kapitalın və maliyyə bazarlarının liberallaşdırılmasına yeni keçib. Rusiya isə bu yolu çoxdan keçib. Ona görə də bizə geri qayıtmağa ehtiyac yoxdur”.
Rusiya Mərkəzi Bankı rublun gücləndirilməsi üçün Çin modelinin təhlükəli olduğu qənaətindədir. Buna baxmayaraq, rusiyalı iqtisadçıların bir qismi rublun möhkəmləndirilməsi üçün Çin modelindən istifadəni faydalı hesab edirlər”.
Təhlildə vurğulanır ki, Rusiya Mərkəzi Bankının Çin modelindən faydalanmasının başqa səbəbi də var:
“Çində 2023-cü ildə iqtisadi inkişaf tempi azalıb. “Blumberq”in analizinə görə, Çində illik artım cəmi 5 faiz olub. Bu, illərdir böyüyən Çin iqtisadiyyatı üçün kiçik rəqəmdir. Çinin daşınmaz əmlak bazarında durğunluq hökm sürür. Bundan başqa, Çinin ixracı azalıb. Bu isə yerli istehsalın məhsuldarlığına mənfi təsir edir.
Putin üçün hazırda önəmli olan siyasi əlaqələrdir. Ancaq Çin iqtisadiyyatındakı problemlərin Rusiya iqtisadiyyatına da mənfi təsiri var. Rusiya Avropaya sata bilmədiyi qazın hamısını Çinə satmağa çalışır. Ancaq Çinin valyuta gəlirləri azalırsa, bu, ölkənin Rusiyanın qazının əsas hissəsini almasında da problemlər yaranacaq”.