Artıq ABŞ-nin Türkiyəyə F-16 döyüş təyyarələri satmaması üçün bəhanə və səbəbi qalmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazır.
Nəşr bildirir ki, Vaşinqton bura qədər əsasən Ankaranın İsveçin NATO-ya üzvlüyünü əngəlləməsini bəhanə edirdi:
“İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun təsdiq edilməsi haqda qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində qəbul edilib. Proses parlamentin Baş Məclisində müzakirə olunmaq mərhələsinə çatıb.
İsveçin üzvlük üçün NATO-ya müraciət etdiyi 2022-ci ilin mayından bəri terrorla mübarizə prioritet gündəm bəndlərindən biri olub. Proses uzunmüddətli və ardıcıl səy gözləntiləri çərçivəsində nəzərdən keçirilərkən, İsveç konstitusiya və qanun dəyişikliyi, “Kürd Qızıl Ayparası” adlandırılan terror təşkilatının maliyyə qaynaqlarının bloklanması, əlaqələndirici prokurorun təyin edilməsi, müdafiə sənayesi ixracına dair açıq-gizli məhdudiyyətlərin aradan qaldırılması kimi istiqamətlərdə addımlar atıb.
Artıq İsveçdə qanunvericilik dəyişikliyinin praktiki təsirləri görünməyə başlayıb. Ankara bu dəyişikliyin praktikaya təsirini izləməyə davam edəcək.
İsveçin NATO üzvlüyünün təsdiqlənməməsi ABŞ Konqresi tərəfindən Türkiyəyə F-16 satışı üçün bəhanə kimi istifadə edilirdi. Ankara əvvəldən bu iki məsələnin əlaqələndirilməsinin strateji səhv olduğunu bildirirdi. İsveçin alyansa üzvlüyünün növbəti mərhələyə daşınması ABŞ-nin bu əsaslandırmasını xeyli dərəcədə aradan qaldırdı”.
Xarici işlər naziri Hakan Fidan ötən həftə məsələni Vaşinqtonun istəyi ilə baş tutan telefon danışığında amerikalı həmkarı Entoni Blinkenlə müzakirə edib. Türkiyənin baş diplomatı F-16 satışı ilə bağlı ABŞ administrasiyası və Konqresinin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini gözlədiklərini söyləyib. Fidan İsveçin üzvlük prosesinin TBMM-in məsuliyyəti altında davam etdiyini vurğulayıb.