22 May 23:42
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstər döyüş meydanında, istərsə də siyasi-iqtisadi təzyiq vasitəsilə Rusiya ilə müharibəni bitirmək üçün qısa yol yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Affairs” (FA) yazır.

ABŞ nəşri bildirir ki, bu baxımdan Ukrayna uzunmüddətli perspektivdə müdafiə potensialı və çəkindirmə gücünü artırmaq ətrafında fırlanan strateji baxışa ehtiyac duyacaq:

“Ukraynanın uzunmüddətli təhlükəsizliyinə aydın baxış olmadan davamlı sülhə nail olmaq mümkün olmayacaq. Kreml başa düşməlidir ki, Kiyevi özünə tabe etmək məqsədi əlçatmazdır - indi yox, heç vaxt. Yalnız bundan sonra Rusiya rəhbərliyi nəticəyə hesablanmış danışıqlar üçün oturub uzunmüddətli perspektivdə Ukraynanın müstəqilliyini tanıya biləcək”.

Nəşrin fikrincə, Rusiyadan gələn təhlükə tez aradan qalxmayacaq, Kiyev də bunu nəzərə alaraq uzunmüddətli müharibə planlaşdırıb. Amma müharibə yeni mərhələyə qədəm qoyanda planlaşdırma yarımçıq qaldı: bu ilin əvvəlindən Rusiya ordusu yavaş-yavaş, amma əminliklə cəbhə xəttində irəliləyir.

“İndi Kiyev bu il itkiləri minimuma endirəcək Amerika yardımı almağa hazır olduğundan, söhbət uzunmüddətli perspektivə qayıtmalıdır. Ukraynanın gələcək qüvvələrinin yaradılması sistemli hərbi planlaşdırma, məqsədlərin prioritetləşdirilməsi və uzun müddətdə Qərbin proqnozlaşdırıla bilən dəstəyini tələb edəcək. Həmçinin hərbi məqsədlər, güzəştlər və son tarix haqda sərt danışıqlar...”, - məqalədə deyilir.

FA hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra biləcək “sehrli güllə” yoxdur:

“Putin ikili məqsəd güdür: Kiyevə öz iradəsini diqtə etmək və Avropanın təhlükəsizliyi qaydalarını yenidən yazmaq. Onun fikrincə, vaxt onun tərəfindədir və ABŞ-nin Ukraynaya yeni yardımı gəlsə də, güzəştə getməyə ehtiyac duymur. Bu durumda həllə nail olmaq üçün diplomatik yol yaratmaq arabanı atın qabağına qoymaq deməkdir. Ukraynanın Rusiyanın işğal etdiyi bütün əraziləri ya hərbi, ya da diplomatik yolla geri qaytarmaq üçün real şans əldə etməsi uzun müddət - illər, bəlkə də onilliklər çəkə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu