Gürcüstanın Avropa Birliyinə (AB) üzvlüyü perspektivi tamamilə parlament seçkilərinin nəticələrindən asılıdır.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
Onun sözlərinə görə, hazırda ölkəsinin AB-yə inteqrasiya perspektivləri dayandırılıb.
“Bu, bütün günümüz və cəmiyyətin problemidir. Bu, tamamilə seçkilərdən asılıdır. Hamı bizi gözləyir. Hər şey dayandırılır. Seçkiyə qədər dayandırılır ki, hamı Gürcüstan xalqının iradəsinin nədən ibarət olduğunu görsün”, - prezident qeyd edib.
Zurabişvili əmindir ki, Gürcüstan Avropaya inteqrasiya yoluna qayıtmağa layiqdir: “Biz Avropa ölkəsiyik. Bunun üçün uzun bir yol qət etmişik, bu da bizə həmin yola tez bir zamanda qayıtmağı tələb etmək hüququ verir. Bu, seçicilərimizdən asılıdır”.
Son aylar Gürcüstanla Qərb arasında münasibətlər kəskin şəkildə pisləşib, bu da ilk növbədə Gürcüstan hakimiyyətinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanuna görədir.
İyunun sonunda keçirilən sammitdə AB liderləri Gürcüstanın avrointeqrasiya prosesinin de-fakto dayandırıldığını bəyan ediblər.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.