Ukrayna ordusunun Rusiyanın Kursk vilayətindəki əməliyyatı ukraynalıların döyüş əhval-ruhiyyəsini yüksəldib. Amma ruslar Ukrayna cəbhəsindəki bölmələrini Ukrayna komandanlığının gözlədiyi qədər tez çıxarmırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Economist” yazır.
“Minimum məqsəd Rusiya qoşunlarının cəbhənin əsas bölgələrindən - Xarkov və Donbasdan çıxarılmasıdır. Hələlik Rusiya Xarkov istiqamətindən qoşun köçürür, amma indiyədək Donbasdan xeyli az çıxarıb”, - nəşr qeyd edir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbə deyir ki, ruslar Kiyevin məqsədlərini bilir: “Davranışları axmaqca deyil, qüvvələrin yerlərini dəyişdirirlər, amma bizim istədiyimiz qədər tez yox. Anlayırlar ki, biz logistikanı 80-100 km uzada bilmirik”.
Bununla belə, “The Economist”ə görə, Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi duruma öz təsirini göstərir:
“Bu əməliyyat artıq çətin, amma çox vacib bir şeyə - döyüş ruhuna təsir etdi. Kiyevdəki dövlət idarələri və yaralıları müalicə edən cəbhə xəstəxanalarında insanlar Putinin qabığının çatladığına inanırlar”.
Kursk döyüşündə yaralanan ukraynalı əsgərlərdən biri söyləyir ki, ilk dəfədir durum onların xeyrinə dəyişib: “Uzun müddətdən sonra ilk dəfədir irəliləyirik. Özümü pələng kimi hiss edirəm”.