17 Sentyabr 11:26
9 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Saray qəsəbəsində sərnişin avtobusu problemi yaşanır. 20 mindən çox əhalisi olan Saraydan Bakıya birbaşa marşrut yoxdur. Bu səbəbdən qəsəbə sakinləri Sumqayıtdan Bakıya işləyən avtobuslardan istifadə etməyə məcburdurlar. Həmin avtobusların dolu gəlməsi isə sakinləri çətin vəziyyətə salır.

Problemlə bağlı Teleqraf.com-un sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) belə cavab verilib:

“Hazırda Abşeron rayonunun Saray qəsəbəsindən keçməklə Bakıdan Sumqayıt şəhərinə 503 nömrəli avtobus marşrutu fəaliyyət göstərir. Marşrut xəttinə gündəlik 13 avtobus buraxılır. Avtobuslararası interval 8-10 dəqiqə təşkil edir.

Qəsəbə sakinlərinin Bakıya daşınmasının təmin edilməsi üçün günün səhər və axşam saatlarında avtobusların iş qrafikində dəyişikliyin edilməsi və nəzarətdə saxlanılması tapşırılıb”.

AYNA-dan həmçinin deyilib ki, marşrut xətlərinin optimallaşdırması işləri çərçivəsində Saray qəsəbəsi sakinlərinə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində islahatlar aparılır: “Müxtəlif istiqamətlərdən Saray qəsəbəsinə avtobus marşrutlarının təşkili məsələsi təhlil olunur.

Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birləşdirən avtobus marşrutunun yaradılması istiqamətində iş aparılır. Müntəzəm avtobus marşrutu üzrə daşıyıcının təyin edilməsi üçün AYNA tərəfindən bir neçə dəfə müsabiqə elan edilsə də, müraciət edən olmayıb”.

Teleqraf.com-un qeydi: AYNA göndərdiyimiz sorğuya cavabda bəzi mühüm məqamlardan yayınıb. Bu səbəbdən həmin məqamları xüsusi qeyd yazmaqla diqqətə çıxarmaq istəyirik.

Birincisi, əslində Saray qəsəbəsində əhali sayının rəsmi rəqəmlərdən yuxarı olması ehtimalı böyükdür. Bu səbəbdən qəsəbədən Bakıya gedib-gələnlərin sayının çoxluğu təkzibolunmaz faktdır. Bu halda Saraya ayrıca marşrut avtobusunun işləməməsi hansı məntiqlə əsaslandırıla bilər?

İkincisi, vaxtilə qəsəbədən keçməklə Sumqayıta və geriyə 2 marşrut (501 və 503 nömrəli marşrutlar) işləyib. Əhali sıxlığının artdığını nəzərə alsaq, marşrut xətlərindən birinin ixtisara salınması necə izah oluna bilər?

Üçüncüsü, Saraydan Sumqayıta və Bakıya vaxtilə ayrıca marşrut xətləri olub. Onlar hansı səbəbdən ləğv edilib?

Dördüncüsü, vaxtilə Sarayın özündən və ya Saraydan keçməklə Bakıya, Sumqayıta və Xırdalana işləyən 5 marşrut xətti olub. Bu xətlərin ləğvini necə əsaslandırmaq mümkündür?

Beşincisi, belə iddialar səslənir ki, müvafiq tenderlərdə müsabiqə şərtləri ağır olduğundan heç bir şirkət Bakı-Saray avtobus xəttində işləməkdə maraqlı deyil. Bu iddialar nə qədər həqiqətə uyğundur? Şərtlər niyə ağırdır?

Altıncısı, paytaxtda nəqliyyat sıxlığını və tıxacları aradan qaldırmaq üçün ictimai nəqliyyatı azaltmaq və "az avtobus-dolu avtobus" prinsipinə keçidlə sərnişinləri çarəsiz duruma salmaq düzdürmü?

Biz yox deyirik, əsla düzgün deyil!


Müəllif: Mələksəda Zeynallı

Oxşar xəbərlər