17 Sentyabr 16:51
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovu dini ədavət niyyəti ilə öldürməyə cəhd etməkdə təqsirli bilinən Elşən Hüseynovun məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktında göstərilir ki, 2023-cü il avqustun sonunda Elşən Hüseynov “Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovla görüşüb fikirlərini bölüşüb, onların arasında fikir ayrılıqları yaranıb. Bir daha görüşmək üçün orada olarkən xidmətçi kimi çalışan Rəsul Həsənli onu içəri buraxmayıb.

Bir neçə ay bu hal davam etikdən sonra Elşən Hüseynov bıçaqla yenidən məscidə gedib. İçəri daxil olmaq istəyərkən qarşısını alan Rəsul Həsənliyə bıçaqla xəsarət yetirib, sui-qəsd törətmək üçün Əli Şərbətova otağına daxil ola bilməyib.

İttiham aktı elan olunduqdan sonra hakim zərərçəkmişlərin məhkəmədə iştirakı olmadan baxış iclasının keçirilməsini elan edib.

Təqsirləndirilən şəxs Elşən Hüseynov ittihamın aydın olduğunu bildirib: “Mənə hər şey aydındır. Amma qəbul etmirəm.”

Hakim Rasim Sadıxov qeyd edib ki, əgər Elşən Hüseynov elan olunan maddələr üzrə təqsirli bilinsə, 20 ilə yaxın azadlıqdan məhrum edilə bilər.

Prosesin davamında təqsirləndirilən Elşən Hüseynova sərbəst ifadə vermək təklif olunub. O, ifadəsində bildirib: “2023-cü ilin yay aylarından “Məşədi Dadaş” məscidinə gedib, məscidin axundu Əli Şərbətovla görüşüb danışmaq istəyirdim. Çox rahat görüşdüm, danışdım. Heç bir problem olmadı. 1 ay sonra yenidən getdim görüşmək üçün. Bir məsələ var idi ona görə.

Orada qeyri-rəsmi təhlükəsizlik xidmətində çalışan Rəsul Həsənli qabağımı kəsdi, dedi, axund yoxdu, qayıtdım. Amma bu davamlı oldu. 4-5 ay hər dəfə görüşmək üçün gedəndə mane oldu. Mən Allah tərəfindən imam təyin olunmuşam”.

Hakim: "Dediklərinizə aydınlıq gətirin".

Elşən Hüseynov: “2020 martın 15-i gecə mənim günahlarım bağışlanıb, imam təyin edilmişəm. Mənə ilahi tapşırıq gəldi ki, get “Məşədi Dadaş” məscidinə, səni orada gözləyirlər. Bu barədə axundla danışmaq istədim”.

Hakim: "Bəs, Rəsulla nə problemin var idi?"

Elşən Hüseynov: “Tanımıram onu. İmamla danışmalı idim. Rəsul Həsənli də qabağımı kəsirdi. Axırda qarşımı kəsməsin deyə ona bıçaqla xəsarət yetirdim”.

Növbəti proses oktyabrın 8-nə təyin olunub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Hüseynov Elşən Fəxrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər