17 Sentyabr 12:39
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çinin Yaponiya sahillərinə yaxın sularda birgə hərbi təlimləri Tokionu ciddi narahat edib. Yaponiya rəsmilərinin fikrincə, Rusiya və Çin bölgədə oxşar hərbi təlimkərin sayını artıracaq. Buna görə də, Tokio həm ABŞ-la müttəfiqliyi gücləndirməyə, həm qonşu dövlətlərlə yeni siyasi bloklar yaratmağa, həm də müdafiə qüdrətini artırmağa qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Yaponiya Vaşinqtonun icazəsi ilə hərbi büdcəsi artırıb:

“Həmçinin Tokio Çindəki daxili prosesləri diqqətlə izləyir. Məsələn, Yaponiyanın ilk uyğur mənşəli deputatı Arfiya Eri Tokiodan Çinin insan haqları pozuntularına qarşı daha iddialı mövqe tutub. “Nikkei Asia” nəşrinin yazdığına görə, Yaponiyada uyğur-özbək qarışığı ailədə doğulan Arfiya ABŞ-da təhsil alıb, daha sonra Yaponiya Bankı və BMT-də çalışıb.

Yaponiya Çinin uyğurlara münasibəti ilə bağlı ehtiyatlı mövqe tutur. Tokio Çinin daxili işlərinə qarışmır. Yaponiya iqtisadi əlaqələrinə xələl gətirməmək üçün Çində insan haqlarının pozulması ilə bağlı narahatlıqlarını sərt şəkildə ifadə etmir. Yaponiya G7-nin 2021-ci ilin fevralında keçirilən Çinin Sincan bölgəsindəki vəziyyətlə bağlı müzakirələrinə qatılsa da, Pekinə sanksiyalar tətbiq etməkdən çəkinir”.

Təhlildə vurğulanır ki, Tokio birtərəfli tədbirlər görməkdənsə, BMT-nin insan haqları ilə bağlı bəyanatlarını dəstəkləyir:

“Bu ehtiyatlı yanaşma Yaponiyanın Çindəki iqtisadi-diplomatik maraqlarını balanslaşdırmaq strategiyasını göstərir. Pekin Sincanda “radikal cərəyanlarla mübarizə və sabitliyi qorumaq” məqsədilə təhlükəsizlik tədbirləri gördüyünü iddia etsə də, tənqidçilər bölgədə insan haqlarının ciddi şəkildə pozulduğunu və mövcud vəziyyətin geosiyasi gərginliyə səbəb olduğunu bildirirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər