Görünən budur ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı amerikalı həmkarı Co Baydendən Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün icazə ala bilməyib. Üstəgəl, Ukrayna lideri orada özü üçün həyəcanverici əlamətlər gördü, bu, onun Qərbdə təsirinin zəifləməsi ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, Qərb nəşrləri səfərdən sonra ABŞ-ın Ukraynaya hərbi dəstək və yardımının azalacağını yazmağa başlayıblar.
"Ukrayna liderləri və hərbçiləri üçün gücün artırılması qələbə istəyinin zəruri komponentidir. Qərb dövlət başçıları heç vaxt düşməni təslim olmağa və ya kursu dəyişməyə məcbur etmək üçün bundan istifadə etməyə xüsusi meyl göstərməyiblər. Bu, müəyyən mənada Qərbin etibarsızlığını təcəssüm etdirir", - The Sunday Times yazır.
Məqalədə qeyd olunur ki, Zelenskinin ABŞ-a səfəri onun Rusiyaya qarşı müharibədə qalib gəlmək planı üçün həlledici və ya dönüş nöqtəsi olmalıydı. Qərb mətbuatında bununla bağlı həyəcanlı məlumatlar tirajlanır.
“The Wall Street Journal” bildirir ki, Bayden administrasiyası Ukrayna liderinin Rusiyaya qarşı müharibədə qalib gəlmək planında hərtərəfli strategiyanın olmamasından narahatdır.
“The New York Times” kəşfiyyata istinadla dərin zərbələrə icazə verilməsinin Rusiyanın sərt qisas almasına səbəb ola biləcəyi ilə bağlı bir fikir irəli sürüb.
Əslində, ABŞ nəşrinin məqaləsinə verdiyi ad duruma tam aydınlıq gətirir:
“Kapitoli zirvəsində Zelenskinin ulduzu sönür”.
"Konqresmenlər arasındakı bu məyusluq onu göstərir ki, noyabrda Ağ Evdə kimin qalib gəlməsindən asılı olmayaraq (prezident seçkiləri nəticəsində – red.) Ukrayna üçün Amerika maliyyəsini saxlamaq çətin olacaq”, - təhlildə vurğulanır.
Bayden isə bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya bu müharibədə qalib gəlmək üçün lazım olan dəstəyi verəcək. Amma ABŞ mediası yazır ki, “qələbə” termininin tərifi qeyri-müəyyən olaraq qalır, əvvəldən bu ideyaya dəstək olsa da, artıq müttəfiqləri arasında Kiyevə yardım zəifləyir.
"Bayden hakimiyyəti müddətinə Əfqanıstanda fiasko ilə başladı (ABŞ qoşunlarını çıxardı - red.), indi Kiyev və digər Qərb paytaxtlarında onun bu dövrünü Ukraynada daha böyük uğursuzluqla başa vura biləcəyini müzakirə edirlər. Bir Qərb rəsmisi söyləyir ki, Əfqanıstandakı müttəfiqlərimizin rədd edilməsi Putinə güc vermişdisə, o zaman təsəvvür edin: Ukraynadakı uğursuzluq hansı nəticələrə səbəb ola bilər”, - məqalədə vurğulanır.