13:08
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axı siz bilirsinizmi oralar necədir, anam, bilirsinizmi hara gedirsiniz? Bəlkə də siz bunu bilmirsiniz, bax onda məndən soruşun!

Ora çöldür, əzizim, ora çöldür, yapyalın çöl; bax beləcə ovcumun içi kimi yalın! Oralarda duyğusuz arvadlar və savadsız mujiklər gəzirlər, sərxoş adamlar gəzirlər. İndi orada ağacların yarpaqları tökülüb, orada yağmurdur, soyuqdur - siz isə ora gedirsiz! Hə, cənab Bıkovun orada məşğuliyyəti var, o orada dovşanlarla olacaq; bəs siz?"

Bu müdhiş cümlələr Fyodor Dostoyevskinin ilk əsəri olan "Yoxsul insanlar" romanının finalında - qoca aşiq Makar Alekseyeviç Devuşkinin gənc, xəstə sevgilisi və qohumu Varvara Alekseyevna Dobroselovaya dul Bıkovla nikahlanandan sonra yazdığı son məktubundandı.

Roman Makarla Varvaranın məktublarından ibarətdi və Dostoyevskinin bütün detallarda dahilik edəcəyi elə bu əsərindən görünür.

Məktublar üzərində qurulan əsərin baş qəhrəmanı Makar kargüzardı, müxtəlif mətnlərin, o cümlədən bədii əsərlərin üzünü köçürür, ədəbiyyat həvəskarıdı, özü də yazmaq istəyir. Mətnlər arasında dolaşan qəhrəmanın gənc Varvarayla sevgi macərası da mətnlərdə, məktublardadı.

Günlərin birində Varvara "iki nəfərlik mətn"dən çıxıb real həyatı - ailəni, nikahı, əclaf Bıkovu seçir və Makarın elə bil bütün emosiyası, istedadı təzə bəylə gəlini Peterburqdan əyalətə aparan karetanın dalınca, sonuncu məktubda tam qüdrətiylə parlayır:

"Yox, Varvara, mən ayağa duracağam; bəlkə də sabah sağaldım, bax onda ayağa duracağam!.. Anam, mən özümü təkərlər altına atacağam, qoymayacam gedəsiz! Xeyr, bu nə deməkdir? Bütün bunları hansı ixtiyarla edirsiniz? Mən sizinlə gedəcəyəm; əgər məni aparmasanız, karetanızın dalınca qaçacağam və gücüm çatan qədər qaçacağam, canım çıxanacan qaçacağam..."

Amma bu sözlər, bu cümlələr çətin ki karetanı saxlaya bilsin!

***
Romanın əlyazmasını Nekrasova oxuyan Qriqoroviç xatırlayırdı: "Mən oxuyurdum. Qoca Devuşkinin Varenka ilə vidalaşdığı son səhifədə daha özümü saxlaya bilməyib ağlamağa başladım; oğrun-oğrun Nekrasova nəzər saldım; onun da yanağından gözyaşı süzülürdü". (Leonid Qrossman "Dostoyevski").

Onlar birlikdə gecəylə Dostoyevskinin yanına gəlirlər...

***

Əslində nə mətnlərdə tam xoşbəxt olmaq mümkündü, nə də həyatda. Yalnız bir təsəlli var: həyat bitir, mətnlər qalır.

***
Fyodor Dostoyevskinin (1821-1881) "Yoxsul insanlar" əsəri 1844-45-ci illərdə yazılıb, 1846-cı ildə nəşr olunub.


Müəllif: Qurban Yaquboğlu