Bu gündən elektromobillərin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının onlayn qaydada rəsmiləşdirilməsinə başlanıb.
Teleqraf.com İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, elektromobillərin onlayn icbari sığortalanmasının tətbiqi sürücülər üçün bir sıra üstünlüklər yaradır.
Artıq elektromobil sahibləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə şəhadətnamələrini sığorta şirkətlərinin rəsmi veb-səhifələri vasitəsilə onlayn şəkildə sürətli və asan əldə edə bilərlər. Sürücülər həmçinin İSB-nin rəsmi veb-səhifəsinə daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə və seçdikləri şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün onlayn sığorta müqaviləsini rəsmiləşdirə bilərlər.