Türkiyə Rusiya və İran qazının Suriya üzərindən Avropaya nəqlinin qarşısını kəsdi.
Teleqraf.com xəbər verir ki, bu fikri erməni politoloq Arman Abovyan səsləndirib.
“Türkiyə mətbuatında maraqlı məlumat dolaşır. Həmin informasiyaya görə, Suriyada Əsəd rejiminin devrilməsi Qətər-Anadolu (Türkiyə) qaz kəmərinin yolunu açıb.
Hələ 2009-cu ildən gündəmdə olan və Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçməsi nəzərdə tutulan Qətər-Türkiyə qaz kəməri layihəsi Əsəd rejiminin müqaviməti səbəbindən təxirə salınmışdı. Ardınca Suriyada 10 ildən çox davam edən vətəndaş müharibəsi layihəni həyata keçirilməz hala gətirdi. Suriyada yeni rejimin qurulmasından sonra layihənin bölgədə heç bir siyasi maneə ilə üzləşməyəcəyini söyləmək olar”, - ekspert bildirib.
Abovyan qeyd edib ki, Qərb Türkiyə və İsrailin köməyi ilə nəinki İranın qarşısını kəsdi, hətta Avropaya alternativ təbii qaz tədarükü yaratdı:
“Faktiki olaraq, İran və Rusiyanın Avropa qaz bazarında mövqelərini xeyli zəiflətdilər.
Şərq-Qərb qarşıdurması fonunda enerji sektorunun ruslar və iranlılar üçün açar olduğunu xatırlatmaq bəlkə də yersiz olar. Türklər burada Avropaya tranzit qaz nəqlini bağlayaraq, yenidən “cekpot”u uddular. Budur, Rusiya və İrana belə bir bənzərsiz türk salamı”.