ABŞ administrasiyası hələ də Qəzza zolağında atəşkəs və HƏMAS-ın əlində olan girovların azad edilməsinə dair razılaşmanın əldə olunmasını mümkün hesab edir.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
İsrailin danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərmə qərarını şərh edən Kirbi bu addımı müsbət qiymətləndirdiyini və administrasiyanın yeni razılaşmanın əldə oluna biləcəyinə inandığını vurğulayıb.
ABŞ-ın danışıqlarda iştirakı ilə bağlı Kirbi bildirib ki, Amerika nümayəndələrinin Qətərə planlaşdırılan səfərləri barədə hələlik məlumat yoxdur. Eyni zamanda, o, əmin edib ki, Bayden administrasiyası proses başa çatana qədər vasitəçilikdə fəal iştirak edəcək.
Həmas hərəkatı İsraillə yanvarın 3-də Qətərin paytaxtı Dohada keçiriləcək danışıqların bərpa olunduğunu rəsmən elan edib . Qeyd edilir ki, danışıqların mövzuları Qəzza zolağında tam atəşkəsin əldə edilməsi, İsrail qoşunlarının çıxarılması və fələstinli qaçqınların bütün zolaq boyu öz evlərinə qayıtmasıdır.