5 Yanvar 17:29
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktyorun ölməsi xəbəri bir neçə gün ərzində dəfələrlə təkzib olundu, fərqli məlumatlar verdi. Bu anlaşılmazlığa səbəblərdən biri də odur ki, beyin ölümü diaqnozu qoyulan insan təzə qanunlara görə artıq ölmüş hesab edilir.

Teleqraf.com xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib.

"Baxmayaraq ki bu cür hallarda ürək döyünür, kardiomonitorda EKG , arterial təzyiq, temperatur, saturasiya göstərir. Ağır komada olan xəstələrdə olduğu kimi bu cür insanlar süni tənəffüs aparatında müəyyən müddət saxlanılırlar. Əvvəllər bu cür hallarda nə qədər ki ürək döyünür, süni tənəffüs aparatının söndürülməsinə icazə yox idi. Hazırda isə beyin ölümü diaqnozu qoyulmuş şəxslər tam ölmüş hesab olunduğu üçün süni tənəffüs aparatından ayırmaq qərarı verilə bilir", - deyə vurğulayıb.

Qeyd edək ki, aktyor Azər Baxşəliyev yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi barədə məlumatlar yayılsa da, tibb müəssisəsi rəsmi açıqlamada həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edildiyi, süni tənəffüs aparatına qoşulduğu bildirilmişdi.

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bu gün Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib. Poli orqan çatmazlığı səbəbindən orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən valideyn və ailə üzvlərinin istəyi ilə Azər Baxşaliyev bu gün evə aparılır".

Bu gün səhər saatlarında süni tənəffüs aparatından ayrılan Azər Baxşəliyev evində dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər