ABŞ-nin yeni prezidenti Donald Tramp ölkədə baş verən hadisələr fonunda Suriyadan qoşunların çıxarılması prosesində Türkiyənin əhəmiyyətini vurğulayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilən mətbuat konfransı zamanı danışıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan mənim dostum və hörmət etdiyim insandır. Düşünürəm ki, o da mənə hörmət edir” - Suriya ilə bağlı məsələlərdə Türkiyənin xüsusi yeri olduğuna diqqət çəkən Tramp Türkiyə lideri ilə bağlı bunları deyib.
Tramp ilk prezidentliyi dövründə ABŞ-nin Suriyada terror təşkilatı İŞİD-i məğlub etdiyini və qoşunlarının böyük hissəsini bu ölkədən çıxardığını vurğulayıb.
2000-ə yaxın ABŞ əsgərini Suriyadan çıxarıb-çıxarmayacağı ilə bağlı suala Tramp belə cavab verib: “Bunu sizə deməyəcəyəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir".