“Hazırda Azərbaycanda Proqramlı Hemodializ Xidməti (Xroniki Böyrək Xəstəliyinin terminal mərhələsində olan xəstələr üçün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində xəstələr 2024-cü il ərzində 32 adda dərman vasitələri, 3 adda peritoneal dializ məhlulu, dializ məsrəfləri, tibbi sərfiyyat və tibbi ləvazimat materialları ilə təchiz olunublar”.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrində 4 035 xəstə qeydiyyatdadır: “Registrdə qeydiyyatda olan 1 604 xəstə Bakı şəhəri, 104 nəfəri Naxçıvan Muxtar Respublikası (MR), 1 500 xəstə isə region qeydiyyatlıdır.
Ümumilikdə respublika üzrə 54 hemodializ mərkəzi mövcuddur. Onlardan 11-i Bakı şəhərində, 35-i regionlarda, 8 mərkəz isə Naxçıvan MR-da fəaliyyət göstərir. Mərkəzlərdə yerləşdirilən ümumi işlək hemodializ aparat sayı 723 ədəd təşkil edir. Aparatların planlı şəkildə təzələnməsi həyata keçirilir. Eyni zamanda xidmətin əlçatanlığının artırılması məqsədilə yeni hemodializ mərkəzləri təşkil olunur. Beləliklə, 2024-cü ildə TƏBİB tabeli Goranboy Rayon Mərkəzi Xəstəxanasında yeni 10 aparatlıq Hemodializ şöbəsi fəaliyyətə başlayıb. Mərkəzdə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir. Məlumat üçün bildiririk ki, 2025-ci ildə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci Hemodializ şöbəsi fəaliyyətə başlayacaq.
Dializator və filtrlər hemodializ prosedurunun həyata keçirilməsi üçün mütləq birdəfəlik tibbi sərfiyyat materialıdır və hər dializ seansı zamanı xəstə bu materiallarla təmin olunur (həm arteriya, həm də venoz iynə dəridən damara keçirildikdən sonra xüsusi birləşdirici borular vasitəsilə qan bir iynədən cihaza (dializator) doğru axır, filtrdən keçərək təmizlənir, o biri iynə ilə yenidən xəstənin bədəninə qayıdır).
Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 100-dən çox həkim-nefroloq vəzifəsi mövcuddur. Təəssüf ki, onların 50%-dən çoxu vakantdır”,- məlumatda qeyd olunur.