Suriyada fəaliyyət göstərən PKK/YPG terror təşkilatı təklif olunan şərtləri yerinə yetirməsə, onlara qarşı hərbi əməliyyat keçiriləcəyi istisna edilmir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Biz aydın tələblər irəli sürmüşük. Əgər hərbi əməliyyat variantını istəmirsinizsə, o zaman əcnəbi terrorçular və yaraqlılar Suriyanı tərk etməli, təşkilatın qalan hissəsi silahı yerə qoymalı və Suriyanın yeni rəhbərliyi ilə işləməlidir. Dəməşq onlarla dialoq aparır. Bir dəfə deyilib, bir də deyiləcək, bu da yaramasa, hərbi əməliyyat qanuni seçim olacaq”, - xarici işlər naziri vurğulayıb.
Fidan bildirib ki, Suriya PKK məsələsini həll eləməlidir:
“Uzun illərdir bu məsələ ilə məşğuluq. İndi Suriyadakı yeni reallıq kontekstində fərqli ssenariləri qiymətləndirərək, işlərimizi davam etdiririk. Suriyanın yeni administrasiyası açıq şəkildə bu problemi tanımalı və ölkəsinin milli təhlükəsizliyi və bütövlüyünü təmin etmək üçün lazımi addımları atmalıdır. Bu bizim gözləntimizdir. Məsələ ilə bağlı danışıqlar davam edir”.
Xarici işlər naziri əlavə edib ki, Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarının bu istiqamətdə addımlar atacağını gözləyir, amma məsələnin həlli bir qədər vaxt aparacaq.