Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- 2025-ci il Azərbaycanla Ermənistan arasında sülh razılaşması üzrə gözləntilər nədən ibarətdir? İlin başlanğıcında erməni tərəfinin şərti sərhəddə törətmiş olduğu hərbi təxribatlar fonunda bu il yekun sülh razılaşmasının əldə edilməsi nə dərəcədə real görünür?
- Ermənistan tərəfindən şərti sərhəddə törədilən hərbi təxribatlar birmənalı olaraq sülh prosesinə mənfi təsir göstərir. Bu hərbi təxribatların niyə edildiyi də düşündürücü məqamlardandır. Fakt odur ki, Ermənistan müstəqil dövlət deyil. Bir çox vacib məsələlərdə İrəvan özbaşına qərarlar qəbul etmir. Baş verən son hərbi təxribatların səbəbləri sırasında xarici təsir elementləri də qeyd edilməlidir. Sözsüz ki, bunu qəti olaraq söyləmək çətinlik yaratsa da, bu elementlərin olması istisna edilmir.
- Hərbi təxribatların baş verməsi və bunun fonunda vəziyyətin gərginləşməsi region üçün nə vəd edir?
- Görünən odur ki, bölgədə vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələr var. Söhbət, kənar güc mərkəzlərindən gedir.
- II Qarabağ müharibəsindən sonra Ermənistan davamlı olaraq silahlandırılır. Güc balansını təmin etməyə çalışanların məqsədi nədir?
- Təbii ki, Ermənistanın silahlandırılması narahatedici bir siyasətdir. Fakt odur ki, Ermənistanın silahlandırılmasında bir sıra kənar dövlətlər yaxından iştirak edir. Məhz sülh prosesinə maneə olan amillər haqqında danışdıqda, xüsusi olaraq Ermənistanın silahlandırılması qeyd edilir. Ermənistanın silahlandırılmasının müəyyən nəticəsi artıq hərbi təxribatlarda özünü göstərir. Ona görə də, hər zaman haqlı olaraq vurğulanır ki, Ermənistan kimi dövləti silahlandırmaq olmaz. 30 ilə yaxın bir müddətdə qonşu ölkənin ərazisini işğal etmiş dövlətin yenidən silahlandırılması bölgədə sülhə, sabitliyə, əmin-amanlığa, təhlükəsizliyə birbaşa təhdid yaradır.
- Baş verən təxribatlardan Ermənistan nə əldə etməyə çalışır?
- Ermənistan hakimiyyəti anlamalıdır ki, vəziyyət daha da gərginləşərsə, bundan ən çox zərərçəkən tərəf elə özü olacaq. Bu ölkə nə qədər silahlandırılsa da, Azərbaycanla hərbi güc baxımından müqayisə olunmayacaq dərəcədə aşağı səviyyədə dayanacaq. Çünki Ermənistanın hərbi gücü, büdcəsi buna imkan vermir. Azərbaycanın hərbi büdcəsi Ermənistanla müqayisədə 4-5 dəfə çoxdur. Ona görə də, hərbi balansın bu qədər Azərbaycanın tərəfində olduğu bir vəziyyətdə təxribatların törədilməsi və vəziyyətin gərginləşdirilməsi onun maraqlarına ziddir. Nikol Paşinyan hakimiyyəti bundan düzgün nəticə çıxartmalıdır.
- Regionda yenidən gərginliyin yaranmasında daha çox kimlər maraq göstərir?
- Vəziyyətin gərginləşdirilməsi, sülh prosesinin pozulması, müqavilənin imzalanmaması və bütövlükdə regionda qalıcı barışın olmamasının ziyan çəkən tərəfi elə İrəvan olacaq. Bu gün Ermənistanda revanşizm meyillərini körükləyən müəyyən dairələr və kənarda olan qüvvələr çalışırlar ki, vəziyyəti gərginləşdirsinlər.