8 Yanvar 15:52
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və PKK terror təşkilatı İraqın türkmən bölgəsində xaos yaratmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu İraq Türkmən Cəbhəsinin keçmiş prezidenti, İraq parlamentinin deputatı Ərşad Salehi deyib.

“Suriyadakı dəyişiklik yerdəki balansa dərindən təsir edəcək. Bölgəmizdə bunun əlamətlərini görməyə başlamışıq. İran rəsmilərinin təhdidləri və PKK-nın Türkmənelidə (türkmənlərin yaşadıqları regionda) məskunlaşdırma fəaliyyətləri özünü açıq şəkildə büruzə verir. Suriyanın qisası üçün Türkməneli qızışdıracaqlar. Ankara təhlükənin fərqində olmalıdır. Oyun böyükdür və təhlükə səviyyəsi yüksəkdir. İlk hədəf Türkməneli olacaq”, - siyasətçi vurğulayıb.

Salehi qeyd edib ki, PKK terror təşkilatı Qəndildə gələcək görmür:

“Yeni meydan açmağa çalışırlar. Türkmənelini işğal etmək və terrorlaşdırmaq kimi çoxdankı niyyətlərini indi həyata keçirməyə cəhd edirlər. Mən də daxil olmaqla bir çox türkmənlərə qarşı sui-qəsd siyahıları hazırlayıblar. Xaos yaratmaq məqsədilə ictimai təsirə malik bombalarla təxribat hücumları həyata keçirəcəklər. Əlbəttə, bu xaos planında İŞİD-ə də rol verilib və onu yenidən meydana çıxaracaqlar”.

Türkmən siyasətçi bu durumun qarşısını almaq üçün Türkiyəni vaxtında hərəkətə keçməyə çağırıb.

“Türkiyə” qəzeti də yazır ki, PKK Suriyadan çıxaracağı Qəndil dəstəsini Türkməneliyə köçürməyə hazırlaşır:

“Təşkilatın İraqdakı strukturlaşma prosesində İranın dəstəklədiyi “Həşdi Şabi” və PKK birgə fəaliyyət göstərir. Çirkin plana görə, Sincar-Təlafər-Kərkük xəttinə yerləşdiriləcək separatçı strukturun siyasi legitimliyini təmin etmək üçün silsilə araşdırmalar aparılacaq.

Bu çərçivədə hökumətə (həmçinin Tehrana) yaxın silahlı birləşmələrlə yanaşı, PKK və “Kürdüstan Vətənpərvərlər İttifaqı”na dəstək verən siyasi partiya və QHT-lərə də yüksək vəzifələr veriləcək. İran və PKK arasında son 20 gündə Kərkük-Təlafər xəttində iki ayrı gizli görüş keçirilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər