Yeni Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyini (USAID) kəskin tənqid edərək, onu "ölməli cinayətkar təşkilat" adlandırıb.
Teleqraf.com xəbər verir ki, İ.Maska görə, USAID cinayətkar təşkilatdır və onun ölmə vaxtıdır.
Başqa bir yazıda Mask USAID-i “Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası” kimi təsvir edib.
Fevralın 2-də Ukraynaya yardım göstərən USAID -in rəsmi internet səhifəsi və sosial media səhifəsi bağlanıb. Saytın bağlanmasının səbəbləri hələ də bəlli deyil. "Reuters" xəbər verir ki, bağlanma ABŞ prezidenti Donald Tramp administrasiyasının USAID-ə nəzarəti Dövlət Departamentinə ötürmək qərarı ilə bağlıdır .
2022-ci ildən bəri USAID Ukraynaya 7,6 milyard dollardan çox humanitar yardım və dəstək göstərib.