Teleqraf.com-un əməkdaşı 2 fevral Gənclər Günü ərəfəsində tələbələrin məskunlaşdığı yataqxanaya baş çəkib. Azərbaycan Dillər Universitetinin nəzdində Yasamal rayonunda yerləşən 2 saylı Qızlar Yataqxanasından reportajı təqdim edirik:
Bizi yataqxananın komendantı İlqar Rəhimov qarşılayır. O, yataqxanadakı qaydalar, şərait, tələbələrlə bağlı ətraflı məlumat verir.
Onun sözlərinə görə, yataqxanada 100-ə yaxın tələbə yaşayır: “Siz bura dərs vaxtı gəlsəydiniz hər köşəsində tələbə görərdiniz, indi əksəriyyətinin imtahanları bitib, rayona – valideynlərinin yanına gediblər, bir neçə günə buradakılar da gedəcək".
Aylığı 30 manatdır, saat 22:00-dan sonra isə ...
Komendant deyir ki, yataqxananın qapısını səhər saat 6-da açıb, axşam 10-da bağlayır.
"Axşam saat 10-dan sonra giriş-çıxışa məhdudiyyət var. Əsas diqqət etdiyimiz məqam tələbələrin təmizliyə, sakitliyə riayət etmələridir.
Otaqlarımız iki, üç və dörd nəfərlikdir. Aylıq ödəniş 30 manatdır. Yataqxananı hər şəraitlə təmin etməyə çalışmışıq. Böyük oxu zalımız var. Tələbələr orada dərslərini oxuyur, imtahana hazırlaşırlar. Oradakı internetin ödənişi universitet tərəfindən qarşılanır. Amma istəyə bağlı olaraq öz otağına internet çəkdirənlər də var".
Yataqxanaya kimlər qəbul olunur?
"Bəzi universitetlərin yataqxanası olmadığına görə bizdən xahiş edirlər ki, onların da tələbələrini bura yerləşdirək. Yataqxanada rayondan gələn tələbələr yaşayır. Şəhərdən gələnləri isə qəbul etmirik. Bunu dəqiqləşdirmək üçün lazım gələrsə qeydiyyatda olduqları ünvana gedirik, təhsil aldığı yerdən arayış tələb edirik”, - həmsöhbətim deyir.
“Onların pula ehtiyacı var”
İlqar bəyin sözlərinə görə, yataqxanada demək olar ki, kəsiri olan tələbə yoxdur.
“Böyük əksəriyyəti əlaçı və zərbəçidir. İşləyənlər də var, onları da nəzərə alırıq. İşlədikləri yerlərdən arayış gətirdikdə axşam saat 10-dan sonra yataqxanaya girməyə icazə veririk. Gəncdirlər, tələbədirlər onların pula ehtiyacı var. Elə tələbələrimiz var ki, imkanı aşağıdır. Ancaq savadlı, məsuliyyətli olduqları üçün işləyib, özlərini təmin edirlər. Ağıllı qızlarımız çoxdur".
“Qızlarımızın nazı ilə oynayırıq”
Həmsöhbətim deyir ki, yataqxanada iki xadimə, iki mühafizəçi, bir texniki işləri həll edən işçi çalışır. "Əlimizdən gələn şəraiti yaradırıq ki, narazılıq olmasın. Heç vaxt hansısa tələbənin qapısını axşam saat 9 yaxud 10 radələrində döymərəm. Bilirəm ki, dərsdən, işdən gəliblər, dincəlirlər. Necə deyərlər, qızlarımızın nazı ilə oynayırıq. Mən səhər saat səkkizin yarısından burada oluram. Səhər tələbələr dərsə gedəndə kimin nədən narazı olduğunu öyrənib, həll edirik. Bu yaxınlarda kombimiz xarab oldu, tez zamanda düzəltdirməyə çalışdıq. Bilirəm ki, cavandırlar, soyuğa dözümləri yoxdur".
Yataqxanadakı tələbələrlə söhbətləşib, gələcəyə dair hansı planları olduğunu, burada günlərinin necə keçdiyini öyrənməyə çalışdıq.
Kirayə ev, yoxsa yataqxana?
Bizimlə həmsöhbət olan Azərbaycan Dillər Universitetinin üçüncü kurs tələbəsi Sevinc Cəfərova həm oxuyub, həm işlədiyini deyir: “Neftçaladan gəlmişəm, burada ingilis dili üzrə tərcüməçi ixtisasında təhsil alıram. Bir müddət rəfiqələrimlə kirayədə qaldım. Birincisi, kirayə evlərin qiymətləri çox yüksəkdir, ikincisi narazı qaldığım məqamlar çox idi. Kim evə hansı saatda istəyirdi gəlib-gedirdi, dostlarını çağırırdı, səliqə-səhman olmurdu… İşdən evə gec gəlirdim, hər yer dağınıq, səs-küy… Çox sıxılırdım. Bura elə deyil, təmizlik və sakitliyə hamı riayət edir. Düzdür işlə, dərsi çatdırmaq çətindir, amma İlqar müəllim bu məsələdə mənə çox kömək olur. İşlədiyim üçün otaq yoldaşım da məni anlayışla qarşılayır”.
"Özümüzə vaxt ayıra bilmirik"
Sevinc işlə bağlı qarşılaşdığı çətinliklərdən də danışır: “Hara gedirik təcrübə tələb edirlər. Təqaüdlərdə artımlar olmur. Onun əksinə hər şeyin qiyməti qalxır. Universitetimizin yaratdığı imkanlar çox yaxşıdır. Mən həm işləyirəm, həm zərbəçi təqaüdü alıram. Yenə də maddi baxımdan çatdıra bilmirəm. Dərs və işdən özümüzə vaxt ayıra bilmirik”.
“Zərbəçiyəm, XİN-də təcrübə keçirəm”
ADU-nun Beynəlxalq Münasibətlər fakültəsinin dördüncü kurs tələbəsi Arzu Əzizova yataqxana həyatının maraqlı olduğunu deyir: “Bura Şəki rayonundan gəlmişəm. 4 ildir ki, buradayam, qızlarla birgə qalmaq maraqlıdır. Hazırda həm oxuyur, həm də Xarici İşlər Nazirliyində təcrübə keçirəm. Zərbəçiyəm. Dərsdən sonra təcrübədə oluram. Otaq yoldaşlarımla tədbirlərə qatılırıq, gəzməyə gedirik. İndi imtahan vaxtıdır, əsas diqqətimiz ora yönəlib. İki imtahanım qalıb, digərlərindən A və B almışam. Hamısı bitəndən sonra yolum Şəkiyədir, qayıdandan sonra təcrübə dövrü başlayacaq".
Yataqxanada bacısıyla birgə qalan Tərgül Məmmədxanova müəllimlərin işə qəbulu imtahanına hazırlaşır: “ADU-nun ingilis dili müəllimliyi ixtisasında təhsil alıram. İki ildir yataqxanadayam. Qəbələdən gələndə iki il müxtəlif yerlərdə kirayədə qaldım, sonra yataqxananı seçdim. Büdcəmizə görə çox qızla birgə qalmalı olurduq. İnsanların fikirləri, adətləri fərqlidir. Yola getmək çətin idi, amma burada rahatam, üstəlik bacımla birgə yaşayıram. O da universitet tələbəsidir”.
Yataqxana çox köhnədir, ona görə də …
Tərgül yataqxanada narazı olduğu məqamlardan da danışıb: “Komendantımız və işçilərdən çox razıyam, gülərüz və səmimidirlər. Lakin yataqxana çox köhnədir. Tez-tez hər şey sıradan çıxır. İlqar bəy həmin dəqiqə düzəltməyə çalışır, ancaq yenə də problemlər yaranır. Bina köhnə olsa da çox təmizdir, biz də onu təmiz saxlamağa çalışırıq".
Tərgül deyir, indiki gənclər çox tənbəldir: "Hələ işləmirəm, təhsilimi xaricdə davam etdirmək üçün pul yığıram. Mən birinci kursdan bütün təcrübələrə getmişəm, böyük qruplar ailəsinə adminlik eləmişəm, vaxtaşırı müxtəlif təşkilatlara müraciət edirdim və daim öz üzərimdə işləyirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, ölkədə gənclər üçün əsas problem iş tapmaq və təcrübə toplamaq deyil. Məncə, gənclər çox tənbəldirlər. Motivasiyaları yoxdur, düşünürlər ki, atacaqları addımlar uğursuz olacaq, risk etməyi sevmirlər. Ola bilər ki, mentalitetə görə özlərini çox sıxırlar”.
“Ailəm bura gəlməyimə ona görə razı oldu ki…”
Yataqxanada azərbaycanlı tələbələrlə yanaşı, əcnəbilər də yaşayır. Bura indiyə qədər bir çox ölkələrdən - Qazaxıstan, Türkmənistan, Pakistandan gələn tələbələrə məskən olub. Növbəti həmsöhbətim Azərbaycan Dillər Universitetinin əlcəzairli tələbəsi İnnas Lahegdir. Bu il onun Azərbaycanda son ilidir. Beləki, doktorantura təhsilini bitirib, ölkəsinə qayıdacaq.
“Bakalavr təhsilimi Əlcəzairdə almışam. Burada iki il magistraturanı oxuduqdan sonra, doktoranturaya qəbul oldum. Artıq dörd ildir... Azərbaycan təhlükəsiz ölkədir, insanlar bir-birinə hörmətlə yanaşırlar. Ailəm buna görə bura gəlməyimə razı oldu. Azərbaycanın çox dəstəkyönümlü təhsil sistemi var. Müəllimlərimi də çox sevirəm. Yeni başlayanlar üçün bura çox faydalıdır”- deyir İnnas.