Avropa Sabitləşdirmə Mexanizmi Yunanıstanın hesabına 13 milyard avro köçürüb. Bu barədə fondun mətbuat xidməti məlumat verib.
Avropa İttifaqı birinci tranşın həcmini 26 milyard avro məbləğində təsdiq edib. Bu məbləğdən 16 milyard subtranş ayrılıb (ilk 13 milyard avro artıq Yunanıstana göndərilib, noyabrın axırlarında oraya daha 3 milyard köçürüləcək). Qalan 10 milyard avro Avropa Sabitləşdirmə Mexanizminin Direktorlar Şurası tərəfindən buna razılıq veriləndən sonra respublikanın bank sisteminin sağlamlaşdırılması üçün ayrıla bilər.
Avropa İttifaqı Yunanıstanın xilas edilməsi proqramına avqustun 14-də start verib. Bu proqramın ümumi həcmi 86 milyard dollardır. Avropa Komissiyası hesab edir ki, əgər Beynəlxalq Valyuta Fondu bu proqrama qoşularsa, həmin məbləğ azaldıla bilər.
Kreditorlar bu vəsaitin ayrılmasına respublika büdcəsində kəsirin azaldılması şərti ilə razılıq veriblər. 2015-ci ildə büdcə kəsiri ümumi daxili məhsulun 0,25 faizi həcmində olmalıdır. 2016-cı ildə 0,5 faiz, 2017-ci ildə 1,75 faiz, 2018-ci ildə 3,5 faiz profisitə nail olmaq planlaşdırılır.
Afina bu göstəricilərə nail olmaq üçün dövlət xərclərini azaldır. Yunanıstan hökuməti qida məhsulları üçün əlavə dəyər vergisini artırıb, kənd təsərrüfatına aid güzəştləri ləğv edib. Yaxın vaxtlarda bu ölkədə pensiya yaşının artırılması barədə qanun qəbul edilə bilər.
İyulun 5-də keçirilmiş referendumda iştirak etmiş yunanların 61,3 faizi sərt qənaət rejimi tətbiq edilməsinin əleyhinə olduqlarını bildirib.