"Vizası olmayan on minlərlə iranlı zəvvarın İraq sərhədçilərinə hücum etməsi qəbuledilməzdir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İraq Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, noyabrın 30-da on minlərlə iranlı zəvvar vizasız olduğu halda iki ölkənin “Zərbatiyyə” keçid məntəqəsində iraqlı sərhədçilərə hücum edərək, onlardan bir neçə nəfəri ağır yaralayıblar: “İranın zəvvarları İraqın sərhəd keçid məntəqəsindəki təsisatını dağıdaraq, sərhədçilərimizə hücum çəkib, onlara xəsarət yetiriblər. Hesab edirik ki, bu məsələdə İran tərəfi üzərinə götürdüyü vəzifə və öhdəliklərə əməl etmədiyinə görə əsas təqsirkardır və baş verən xoşagəlməz hadisənin məsuliyyətini üzərinə götürməlidir”.
Qeyd edək ki, İran rəsmiləri dəfələrlə İraqın bir sıra şəhərlərində, o cümlədən Kərbəlada keçiriləcək Ərbəin mərasiminə qatılmaq istəyən iranlıların viza almalarının vacib olduğunu bildirib. Lakin on minlərlə iranlı zəvvarlar bu məsələyə laqeyd yanaşaraq, qanunsuz yollarla kütləvi şəkildə İraqa daxil olublar.
Samir