Ermənistandan Azərbaycana qaçan və bir müddətdən sonra geri qaytarılan Gevorkyanlar ailəsinin üzvləri İrəvanda azadlıqdan məhrum ediliblər.
"Report" "Novosti Armeniya" portalına istinadən xəbər verir ki, bu barədə Məhkəmə Departamentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məhkəmənin hökmü ilə ailə başçısı Yegişe Gevorkyan 5, onun həyat yoldaşı Ruzanna isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi 1 il sınaq müddətinə şərti azadlığa buraxılıb.
Xatırladaq ki, Ermənistan vətəndaşları Yegişe və Ruzanna, övladları Alfred, Qayane və Petros Gevorkyanlar 2010-cu ilin 10 yanvar tarixində könüllü şəkildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə keçiblər. 2014-cü il dekabrın 12-də isə onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana geri qaytarılıb.