2 Fevral 2016 18:13
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan xalçaları” jurnalının XVI sayı işıq üzü görüb. Jurnal ənənələrinə sadiq qalaraq rəngarəng xalça nümunələri, taleyini xalçaçılıqla bağlamış insanlar haqqında məqalələrlə, tədqiqat materialları, maraqlı reportajlar, yeni elmi araşdırmalarla oxuncularının görüşünə gəlmişdir.

Jurnalda Kannda keçirilən “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgiyə, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin birgə keçirdiyi “Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə” mövzusunda müsabiqəyə həsr olunmuş materiallar dərc olunub.

Tarix üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi professor Vidadi Muradovun “Karabakh region” (historical and ethnographical essay) (“Qarabağ bölgəsi: tarixi-etnoqrafik oçerk”) məqaləsində müxtəlif tarixi-etnoqrafik mənbələr, elmi ədəbiyyatlar əsasında Qarabağ bölgəsinin inzibati-siyasi, etnik və sosial-iqtisadi tarixinin bəzi mühüm məsələləri təhlil edilib.

“Yurdlar və xalçalar” rubrikasında Oğuz rayonuna və qədim xalçaçılıq məntəqlərindən biri olan Baş Daşağıl kəndinə ekspedisiya səfəri zamanı toplanmış materiallar yer alıb. “Boyaqotunun xalçaçılıqda istifadəsi” məqaləsi Azərbaycanda bu qiymətli bitkinin becərilmə tarixi, məhsuldarlığı, həmçinin boyaq sənayesində istifadə imkanları haqqındadır.

Jurnal ənənələrinə sadiq qalaraq, öz səhifələrində dünya muzeylərində saxlanılan Azərbaycan xalçaları haqqında məlumatlar dərc etdirir. Bu dəfə oxuculara Boston İncəsənət Muzeyində saxlanılan Azərbaycan xalçaları haqqında ətraflı məlumatlar və fotoşəkillər təqdim olunur. Dərbəndin Dünya Mədəniyyətləri və Dinləri Tarixi Muzeyinin direktoru Diana Həsənova ilə müsahibə, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyevin “Azərbaycan xalçalarında əks olunan qədim motivlər”, sənətşünaslıq doktoru Kübra Əliyevanın “Tarixi yaşayış məskəni-Boyəhmədli”, t.e.d. Mədinə Himbətovanın “XIX-XX əsrin əvvəllərində Dağıstan azərbaycanlılarının ailə və nigah ənənələri”, t.e.d. Şirin Bünyadovanın “Azərbaycan atalar sözlərində toxuculuq məsələləri”, t.ü.f.d Ərşad Həsənovun “XVII əsrdə Azərbaycanda toxuculuq sənəti” və s. kimi elmi məqalələr, təhlillər tarix və sənətşünaslıq baxımından maraq doğurur.

Sevil


Müəllif:

Oxşar xəbərlər