3 Fevral 2016 01:17
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Romanda İŞİD terror təşkilatına qarşı beynəlxalq müzakirələr məqsədilə xarici işlər nazirləri səviyyəsində 3-cü toplantı keçirilib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, toplantıya 23 ölkənin, Avropa Birliyinin nümayəndələri, eləcə də Türkiyə XİN aparatının rəhbəri Firudin Sinirlioğlu qatılıb.

İtalyanın xarici işlər naziri Paolo Gentiloni çıxışında İŞİD-lə mübarizədə əhəmiyyətli irəliləyişə nail olunduğunu qeyd edib. O bildirib ki, müttəfiq koalisiya İraqın 40 faizindən, Suriyanın isə 20 faizindən İŞİD terrorçularını çıxarmağı bacarıb: “Ancaq təəssüflər olsun ki, hələ də təhdid davam edir və İŞİD terrorçuları müqavimət göstərir”.

ABŞ-ın dövlət katibi Con Kerri isə dünyada təhlükəsizliyi təmin etmək üçün İŞİD-i yox edəcəklərini vurğulayıb. C. Kerri Suriya və İraqda İŞİD-ə qalib gələcəklərinə inandığını bildirib: “Suriyanın Madaya qəsəbəsində Bəşər Əsəd rejiminin mühasirəsi nəticəsində insanlar aclıq çəkirlər. İkinci Dünya Müharibəsindən sonra belə bir qəddarlıq görünməyib. İnsanları aclıqla təslim etdirmək hərbi cinayətdir. Buna görə də mən Suriya rejimini humanitar yardımlara icazə verməyə və vətəndaşların bombalanmasını dərhal dayandırmağa çağırıram”.

C. Kerri İŞİD-in əsas hədəflərindən birinin Liviya olduğunu bildirərək, bu ölkə torpaqlarının işğalına imkan verməyəcəklərini söyləyib. O, Liviyada milli birlik hökumətinin qurulmasının vacibliyini qeyd edib.


Müəllif:

Oxşar xəbərlər