Kipr polisi qaçırılan Misir təyyarəsinin azad olunması üçün uğurlu əməliyyat həyata keçirib.
Məlumatlara görə, Misir vətəndaşı Seyf əd-Din Mustafa təslim olub və polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi başlanıb.
Saat 15:14
Misirin A-320 təyyarəsini qaçırmaqda ittiham olunan şəxsin İbrahim Samaha olmadığı aydınlaşıb.
Bununla bağlı Kipr Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, cinayətkarın şəxsiyyəti ilə bağlı yanlışlıqlar olub: "Təyyarənin qaçıran İbrahim Samaha deyil, Misir vətəndaşı Seyf əd-Din Mustafa adlı şəxsdir. Kipr hökuməti professor İbrahim Samahadan yanlışlığa görə üzr istəyir. Seyf əd-Din Mustafaya gəlincə isə, onun psixi cəhətdən problemləri var. Hazırda onunla danışıqlar davam etdirilir".
Bu arada yayılan xəbərlərə görə, Kipr polisi təyyarəni azad etmək üçün hücum hazırlaşır. Son məlumatlarda bildiirlib ki, təyyarədə 7 ekipaj üzvü və 2 əcnəbi sərnişin var.
Saat 13:02
Misir təyyarəsini qaçıran İbrahim Samaha keçmiş həyat yoldaşı, Kipr vətəndaşı olan Mariya Parasxu ilə görüşmək istədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Kipr polisi dərhal qadını tapıb və Larnaki aeroportuna gətirib. Açıqlama verən Kipr prezidenti Nikos Anastasiadis bunun terrr aktı olmadığını deyib: "Hər şey qadınla bağlı idi".
Bu arada, Samaha ilə bağlı yeni faktlar açıqlanıb. Məlum olub ki, o, İsgəndəriyyə universitetinin professoru, baytarlıq üzrə mütəxəssisdir.
Saat 12:02
Qaçırılan Misir təyyarəsində sərnişinlərin azad edilməsinin görüntüləri yayımlanıb.
Teleqraf.com həmin videonu təqdim edir:
11:39
Xəbər verdiyimiz kimi, Misirin "Egypt Air" şirkətinə məxsus A-320 tipli sərnişin təyyarəsi qaçırılıb.
Qahirə Xarici İşlər Nazirliyi artıq silahlı şəxsin kimliyini dəqiqləşdirib: "Təyyarəni qaçıran şəxs Misir vətəndaşı İbrahim Samahadır".
Saat 11:18
Bu gün səhər saatlarında naməlum silahlı tərəfindən qaçırılan Misirə məxsus təyyarədə olan şəxslərdən 4 əcnəbi və ekipaj üzvləri istisna olmaqla qalan bütün sərnişinlər azad edilib.
Məlumatlara görə, Qahirə Xarici İşlər Nazirliyi cinayətkarla danışıqları davam etdirir. "Reuters" agentliyinin yaydığı xəbərdə bildirilir ki, silahlı şəxs artıq ilk şərtlərini açıqlayıb. O, tərcüməçi və siyasi sığınacaq tələb edib.
Saat 10:50
Misirin sərnişin təyyarəsi naməlum silahlı tərəfindən qaçırılıb.
Teleqraf.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, "Egypt Air" şirkətinə məxsus A-320 tipli sərnişin təyyarəsi Kiprin Larnaki aeroportuna eniş edib.
Məlumatlara görə, İsgəndəriyyə - Qahirə reysini həyata keçirən təyyarədə 55 sərnişin və 7 ekipaj üzvü var. Silahlı şəxs Misir əsilli qadın və uşaqlara təyyarəni tərk etməyə icazə verəcəyini və daha sonra özünü partladacağını bildirib.
Qahirə tərəfindən verilən açıqlamada bildirilib ki, Larnaki aeroportu bağlıdır: "Larnaki şəhərinə ediləcək bütün reyslər təxirə salınıb. Hazırda Qahirə rəhbərliyi təyyarənin azad olunması üçün danışıqlara başlayıb. Artıq 20 nəfər azad edilib. Aldığımız məlumatlarda təyyarədə 10 amerikalı və 8 britaniyalı sərnişinin olduğu qeyd edilib".
Mahir