Bazar günü Tacikistanda ölkə konstitusiyasına düzəliş və əlavələrin edilməsilə bağlı referendum keçirilib. Tacikistan Mərkəzi Seçki Komissiyası (MSK) referndumun baş tutduğunu elan edib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, MSK Tacikistanda günortaya yaxın seçicilərin 66 faizinin referendumda səs verdiyini bildirib. Tacikistan konstitusiyasına ümumxalq səsverməsi yolu ilə düzəliş və əlavələr qəbul olunarsa, Emomali Rahmonun növbəti dəfə prezident seçilməsinə məhdudiyyətlər aradan qaldırılacaq.
Əsas qanuna düzəlişlər ölkənin hazırkı prezidenti Emomali Rahmona yeni prezidentlik müddətinə məhdudiyyətsiz seçilmək imkanı verəcək. Tacikistan prezidentinin indiki konstitusiyaya görə səlahiyyət müddəti 2020-ci ildə başa çatır və bundan sonra növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək haqqı yoxdur.
Yeni düzəlişə görə, həmçinin prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endiriləcək. Düzəlişlərdə eləcə də dini və etnik zəmində siyasi partiya və təşkilatların yaradılmasına qadağa qoyulması nəzərdə tutulur.
Tacikistanın hazırda qüvvədə olan Konstitusiyası ümumxalq səsverməsi yolu ilə 1994-cü ildə qəbul olunub.
Referendumun ilkin nəticələri bazar ertəsi elan ediləcək.