14 Aprel 2022 23:53
69 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özündəvarlıq - əsl mahiyyət,

Özü üçün varlıq – özünüaldatma deməkdir.

(Sartr)

Səhnə. O baş-bu başa gedən insanlar. Tək-tək də gedən var, qrup halında da. Başlarını yerdən qaldırmadan gedirlər. Hərdən bir-biri ilə toqquşurlar, üzr istəməyib yollarına davam edirlər. Əsas məsələ getməkdir. Yox... əsas məsələ tələsməkdir, tələsə-tələsə getmək. Çox qorxurlar ki, birdən yol qurtarar. Biri irəli çıxıb uca səslə soruşur:

- Yol qurtarmamaqçün nə etmək lazımdır?

O birilər ümumi ritmdən sapındırıldıqları üçün çaş-baş qalırlar, duruxub gözlərini döyürlər. Sonra xorla:

- O yolu getmək! – deyib başlarını aşağı salır, yenidən tələsməyə davam edirlər.

Özü üçün varlıq

İnsanların hamısının üzündə maska var. Hərəsi bir qəlibdədir. Biri başındakı ağ kalpak, boynundakı stetoskopla həkimi, başqa birisi – kaskası ilə tikinti işçisini, maskasından nur yağan – elm adamını, saçları dağınıq – şairi, gözü sürməli – müğənnini, gözüqıpıq – oğrunu təqlid edir. Maskalar müxtəlif, xislətlər müxtəlif, talelər müxtəlif, məslək birdir – şütümək.

Yuxarıda, insanların başı üzərində iplərlə tavana bərkidilmiş üç kloun asılıb. Sağdakı sağ əlini qaldırıb sağ istiqaməti, soldakı sol əliylə solu göstərir. Bir də ortadakı var, əllərini işlətmədən irəliyə baxışından bəlli olur ki, istiqaməti düz irəliyədir. Sağdakı klouna tapınanlar hər işə sağ ayaqla başlayırlar, soldakına tapınanlar – solla. Ortadakılarçün fərqi yox idi.

Bir də sofitlər var səhnədə - səhnənin hər tərəfindən asılıb onu işıqlandıran rəngli projektorlar və onların pərçim edildiyi metal konstruksiya. Sofitlər müxtəlif rənglidirlər, hər rəngin də öz təbiəti. Onlar maskaların üzərində oynaşıb insanların emosional sferasını müəyyənləşdirirlər. Rənglərin dili təqribi belədir:

Qırmızı – çılğınlıq, sevgi, üsyan deməkdir. Bu rəngin əsiri olan ya çılğınlıq edib kimisə dəli məhəbbətlə sevməli, ya inqilab etməli idi.

Sarı – nifrət,

Yaşıl – ümid,

Mavi – təmizlik,

Göy – sədaqəti ifadə edirdi.

Dəli sofitlər

Bəzən işıqlar insanları qabaqlarına qatıb qovardılar. Ah, çox məzəli mənzərə yaranardı onda. Məsələn, indicə qırmızı işıq selində kiməsə sevgisini izhar edən şəxs bir an sonra sarıya boyanıb öz passiyasına nifrin yağdırmalı olurdu.

Ya göy işıq selinin çəkilib yerini qırmızı projektora verdiyi zaman adam sədaqətlə xidmət etdiyi prinsiplərdən üz çevirib üsyana başlardı.

Dəcəl sofitlər

Bəzənsə sofitlər adamlarla oyun oynardı. İkisi birləşib birdən işıqlandırardı onları. Bu müştərəklik başqa xislət qoyardı ortaya. Qırmızı ilə sarının qovuşmasından narıncı doğardı, insana filosofluq əta olunardı, şad-xürrəm görünərdi. Göylə qırmızıdan isə bənövşəyi rəng törəyərdi, adam müqəddəsləşərdi.

Əcəl sofitlər

Bu isə onların ən pis, ən şit, uğursuz zarafatıydı. Projektorlar hamısı bir adama tuşlanar, onu yandırıb kül etməyincə əl çəkməzdilər. İnsan yanmazdan qabaq maskasını sıyırardı.

Özündəvarlıq bu zaman reallaşardı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər