“Paşinyanın istefası üçün iki ehtimal var: ya könüllü istefa, ya da parlamentin fövqəladə iclası çərçivəsində impiçment prosedurunun həyata keçirilməsi yolu ilə”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.
Ekspert Ermənistanın ictimai-siyasi həyatındakı son duruma diqqət çəkib: “Hərbi vəziyyətə baxmayaraq, Ermənistan müxalifəti İrəvanda mitinq təşkil edib, ölkə rəhbərliyinin Qarabağla bağlı üçtərəfli bəyanat imzalamasına etiraz olaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Vətəndaşlar Milli Məclisin binasına yürüş ediblər, Paşinyana tezliklə istefa verməsi üçün ultimatum ünvanlayıblar.
Hesab edirəm ki, Paşinyanın istefası üçün iki ehtimal var: ya könüllü istefa, ya da parlamentin fövqəladə iclası çərçivəsində impiçment prosedurunun həyata keçirilməsi. İkinci ssenari üçün deputatlar parlamentə toplaşıblar və “Çiçəklənən Ermənistan” fraksiyasından olan millət vəkilləri mitinq iştirakçıları ilə birlikdə ölkə parlamentinin binasına yürüş ediblər.
Gecə saatlarında “Daşnaksütyun” Partiyası parlamentin binası qarşısında nümayişçiləri etirazı sabah davam etdirmək şərtilə dağılışmağa çağırdı. Razılaşıblar ki, Paşınyan sabaha kimi istefa versin, “Daşnaksütyun” isə sabaha nə etməli olduqlarını planlaşdıracaq.
“Daşnaksütyun”un formalaşdırdığı könüllü dəstələr hələ də Qarabağda öz mövqelərində qalırlar, Qarabağı tərk etmək istəmirlər”.