Ermənistan Azərbaycan və Türkiyə ilə üçüncü tərəfin iştirakı olmadan əlaqə yaratmalıdır. Bununla da başqa ölkələrin bu regionda əlavə bəhanələr əldə edərək ordu saxlamaq niyyətlərini aradan qaldırmalıdır. Məncə, bu çox vacibdir və Ermənistanın maraqlarına xidmət edir.
Bunu Teleqraf.com-a Demokrat Partiyasının sədri Sərdar Calaloğlu Ermənistan-Türkiyə münasibətləri haqqında danışarkən deyib.
Onun fikrincə, Ermənistan və Türkiyə arasında sərhədlər açılmalı, əlaqələr qurulmalıdır: “Hazırda Ermənistan sovet ittifaqı zamanı mövcud olan sərhədlərə qayıdırsa, biz bu ölkə ilə münasibətləri yavaş-yavaş yoluna qoymağa başlamalıyıq. Nə qədər ki, bu ölkələr arasında əlaqələr yoluna qoyulmayıb, başqa ölkələr uzun müddət regionun daxili işlərinə qarışacaq və burada ordu belə saxlamağa çalışacaq. İndi bu haqda Ermənistan daha çox düşünməlidir”.
Partiya sədri hesab edir ki, bundan sonra Ermənistan bir daha Azərbaycana qarşı başqa gözlə baxa bilməyəcək: “Çünki 1990-cı illərdə ruslar bizdən silahları toladı, onlara isə silah payladı. Həmçinin Qarabağda xüsusi idarəetmə rejimi yaratdılar, bizim əhalimizi oradan çıxardılar, Xocalı soyqımını törətdilər və s. Amma indi tam başqa şərtlər mövcuddur. Hətta ruslar istəsə belə, bu əməlləri həmin bölgədə həyata keçirə bilməzlər. Əgər bu kimi cəhdlər olsa, ciddi problem yaranacaq. Azərbaycanın da Türkiyə, Pakistan kimi müttəfiqləri var”.